Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin siyasi, hüquqi və mənəvi sütunlarını təşkil edən əsas qanundur. Bu sənəd ölkəmizin müstəqillik yolunda qazandığı böyük nailiyyətlərin hüquqi zəmanətidir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunan Konstitusiya Azərbaycan xalqının azadlıq iradəsini, dövlətçilik ənənələrini və müasir dünyanın sivil dəyərlərini özündə birləşdirmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”
Konstitusiyanın qəbulundan sonrakı dövrdə Azərbaycanda siyasi sabitlik, iqtisadi inkişaf və sosial rifahın təmin olunması bu hüquqi bazanın uğurlu nəticələridir. Əsas Qanun dövlətin fəaliyyət istiqamətlərini müəyyənləşdirərək, insan hüquq və azadlıqlarının qorunmasını prioritet kimi təsbit etmişdir. Ulu Öndər Heydər Əliyev demişdir: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.” Bu fikirlər Konstitusiyanın yalnız bir hüquqi sənəd deyil, həm də xalqın milli ideallarını ifadə edən mənəvi dəyər olduğunu göstərir. Zaman keçdikcə cəmiyyətin və dövlətin inkişafına uyğun olaraq Konstitusiyaya bir neçə dəfə dəyişikliklər edilmişdir. Bu dəyişikliklər ölkənin modernləşmə prosesinə, vətəndaş cəmiyyəti institutlarının güclənməsinə və dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət etmişdir. Azərbaycan dövləti sabit və güclü hüquqi bazaya əsaslanaraq müasir dövrün çağırışlarına çevik şəkildə cavab vermək imkanı qazanmışdır. Azərbaycan Respublikasının Konstitusiyası təkcə dövlətin əsas qanunu deyil, həm də xalqın iradəsinin, azadlığının və milli suverenliyinin təcəssümüdür. O, sabit inkişafın, sosial ədalətin və hüquqi dövlətin təminatçısı kimi bu gün də öz aktuallığını qorumaqdadır.
Fənar Qənbərova
YAP Laçın rayon təşkilatının fəal üzvü
Laçın rayon Ədalət Məmmədov adına Zabux kənd orta məktibində müəllim