Azərbaycan Konstitusiyası məzmun etibarilə hüquqi, siyasi və sosial sənəd baxımdan hüquq sisteminin, siyasi sistemin və cəmiyyətin kəsişməsində dayanır. Yəni, bu ali sənəd Azərbaycan vətəndaşını hərtərəfli əhatə edir, onu qoruyur, gələcək inkişafı üçün zəmin təqdim edir. Konstitusiyamızın ən mütərəqqi cəhətlərindən biri ondan ibarətdir ki, o istənilən fəaliyyəti prosedur baxımından proqnozlaşdırıla bilən edir, qanunun aliliyini dəstəkləyir. Konstitusiyamız ölkəmizin, dövlətimizin, cəmiyyətimizin, həyat tərzimizin ali qanunu olmaqla yanaşı, həm də adi qanunların belə riayət edilməli olduğu standartları dəqiqliklə təmin edir. Bu sənəddə əksini tapan maddələr ortaq kimliyimizin, dəyərlərimizin, ideallarımızın, məqsəd və istəklərimizin ifadə formasıdır.
Konstitusiyamız ölkənin qərar qəbuletmə institutlarını olduqca düzgün müəyyən edir: hakimiyyətin mənbəyinin xalq olduğu ilkin maddəsi praktikada sübut edilərək hakimiyyəti effektiv qərar qəbuletməyə aparan şəkildə bölüşdürür. Konstitusiyanın maddələri bütün ölkə vətəndaşları üçün sosial-iqtisadi hüquqlar, məcburi olan direktiv prinsiplər, digər öhdəlik və ya niyyət ifadələri şəklində ola bilər. Bu baxımdan Azərbaycan Konstitusiyası insan hüquqları üçün, demokratik sistem üçün beynəlxalq səviyyədə tanınmış meyarlara cavab verir. Konstitusiyamız dövlətə və xalqa öz siyasi, iqtisadi, sosial və yaxud da inkişaf məqsədlərinə yönələ bilmək üçün üfüqdür.
Azərbaycan 1991-ci ildə müstəqillik qazansa da ölkədə xaos, anarxiya hökm sürürdü. Bu pərakəndəliyi qanuni çərçivəyə salmaq üçün geniş yayılmış ictimai legitimliyə əsaslanan, ilkin istinad edilməli olan fundamental sənəd lazım idi. Xalqımız bütün bunları təmin edəcək iradəyə sahib idi. Habelə, xalq eyni zamanda onu da dərk edirdi ki, bu işləri sistematik çərçivəyə salacaq lider lazımdır. Olduqca çətin bir dövrdə yeganə pənah gətiriləcək insan kimi xalqımız Ümummilli Lider Heydər Əliyevi seçdi. Məhz xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev vaxt itirmədən cəmiyyəti bütün, bütöv, nizamı qaydaya salmaq istiqamətində addımlara başladı. Vətəndaş müharibəsindən, xaos və anarxiyadan çıxmış bir xalqı idarə etmək üçün şübhəsiz ki, ilkin olaraq hüquqi çərçivə müəyyənləşdirilməli idi. Məhz Ulu Öndərimizin şəxsi rəhbərliyi altında Azərbaycan Konstitusiyasının formalaşdırılmasına başlanıldı. Bu istiqamətdə Azərbaycanın ən mötəbər ziyalılarının fikirləri Ulu Öndərimizin qətiyyəti, siyasi uzaqgörənliyi ilə birləşdi.
Nəticə etibarilə, 1995-ci ilin 12 noyabr tarixində müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Məhz bu sənəd dövlət idarəçiliyində əsas sənəd olaraq müəyyənləşdirildi. 1995-ci ili 12 noyabr tarixindən başlanılan bu günə qədər davam edən yol Azərbaycan dövlətinin istənilən sahədə qətiyyəti qədər, humanistliyini də ifadə edir. Bəli, Konstitusiyamız insan hüquq və azadlıqlarını, demokratik prinsipləri özündə ehtiva edən sənəddir. Bu, konstitusiyanın sosial məzmununa vurğu etməklə yanaşı, onun hüquqi və siyasi məzmununun ideoloji formasında da əks olunur.
Ümummilli Lider Heydər Əliyevin son dərəcə dəqiq dövlət idarəçiliyinə əsaslanan bütün xüsusiyyətlərini Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində görürük. Məhz bu amilin nəticəsində Azərbaycan xalqı öz reallığını özü yaratmağı bacardı, ərazi bütövlüyü və suverenliyini özü yaratdı. Bu tarixi hadisələrin işığında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan etməsi zamanında atılan addım olduğu qədər, həm də atılmağa cəhd edilən addımlara cavab idi. Məhz bu qərar Zəfərimizin daha da bərkiməsinə, möhkəmlənməsinə fundamental töhfə oldu.
Azərbaycan Konstitusiyası bütün xalqların birgəyaşayışını təmin edir. Dilindən, dilindən, sosial kateqoriyasından asılı olmadan hər kəs eyni xətt önündə dayanır ki, bu xətt də Konstitusiyamızda dəqiqliklə əksini tapan qanunlarımızdır. Konsitusiya bayramımızın ərazi bütövlüyü və suverenliyi bərpa edilmiş bütün və bütöv Azərbaycanda qeyd edilməsi qürurvericidir.
Azər Badamov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı