Hər il, 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd olunur. Bu tarix xalqımızın tarixində mühüm siyasi, hüquqi və mənəvi əhəmiyyətə malik bir gündür. 1995-ci il tarixində ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin möhkəm hüquqi təməlini yaratdı. Beləliklə, müstəqil, demokratik, hüquqi və dünyəvi dövlətin təməli möhkəmləndirildi.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hazırlanmış və 12 noyabr 1995-ci il tarixində referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası dövlətin əsas hüquqi sənədinə çevrildi. Bu sənəd təkcə idarəetmə prinsiplərini deyil, həm də xalqın tarixi iradəsini, milli-mənəvi dəyərlərini və azadlıq ideallarını özündə ehtiva etdi.
Konstitusiya 5 bölmə, 9 fəsil və 158 maddədən ibarətdir. Əsas prinsipləri xalq suverenliyi, hüquqi dövlət, hakimiyyət bölgüsü və insan və vətəndaş hüquqlarının qorunması məsələlərindən ibarətdir. Sadalanan prinsiplər Azərbaycan Respublikasının siyasi və hüquqi sisteminin özülünü təşkil edir. İnsan hüquqları ilə bağlı beynəlxalq konvensiyalara uyğun müddəalarla zəngindir. Həmçinin vətəndaşların ləyaqətinin toxunulmazlığını təmin edir.
2002, 2009 və 2016-cı il tarixlərində referendum seçkiləri keçirilmişdir. Həmin seçkilərin nəticəsində bir sıra maddələrdə dəyişikliklər edilmişdir. Edilən dəyişikliklərdə dövlət idarəçiliyinin səmərəliliyini artırmaq, vətəndaşların sosial təminatını gücləndirmək və digər məsələlər öz əksini tapıb. Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunması, milli birliyin möhkəmləndirilməsi, vətəndaş rifahının yüksəldilməsi və hüquqi islahatlar Azərbaycan Respublikasının Konstitusiya prinsiplərinin real həyata keçirilməsinin bariz nümunəsidir.
Konstitusiyanın öyrənilməsi, təbliği və ən nəhayət, gənc nəsil tərəfindən mənimsənilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün bir çox məktəblərdə “Konstitusiya dərsləri”, bir çox regionlarda elmi konfranslar və digər tədbirlər keçirlir. Görülən bütün işlər gənclərdə dövlətə, qanuna və milli dəyərlərə hörmət hissini gücləndirir, vətəndaş məsuliyyətini artırır. Elm sahəsində də hüququn vəhdəti dövlətin inkişafına, vətəndaş şüurunun formalaşmasına mühüm töhfə verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik ili” elan olunması bu sənədin əhəmiyyətini daha da artırdı. Bu il milli suverenliyin, dövlət müstəqilliyinin və vətəndaş məsuliyyətinin təntənəsi kimi qeyd olunur. Bu onu göstərir ki, ölkənin gələcək inkişafı hüquqa, ədalətə və milli dəyərlərə əsaslanıb. Dövlət başçısının rəhbərliyi ilə keçirilən islahatlar konstitusiyanın əsas prinsiplərinin müasir şəraitdə praktik tətbiqidir. Bu həm də siyasi və ideoloji mənada da suverenliyimizin möhkəmləndirilməsini təmin edir. Bu il AMEA-da və eləcə də ölkənin bir çox təşkilat, müəssisələrində “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş mühüm tədbir və konfranslar keçirilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası – müstəqilliyimizin hüquqi dayağı, suverenliyimizin təminatı, dövlətimizin gələcəyə yönəlmiş nizamnaməsidir.
Bu sənədin prinsipləri xalqın birlik ruhunu qoruyur, dövlətin sabitliyini təmin edir və Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirir.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu
üzrə ərazi partiya təşkilatının sədr müavini