“Konstitusiya və Suverenlik İli çərəçivəsində Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatı ilə birgə 12 Noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü münasibəti ilə “Konstitusiyamızın 30 illik yolu və Suverenliyin bərpası” adlı konfrans keçirilib.
Konfransın rəsmi hissəsindən öncə iştirakçılar tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub. Büstün önünə tər gül dəsətələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad olunub.
Yasamal Rayon İcra Hakimiyyətində baş tutuan konfransda ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 12 Noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü münasibəti ilə nümayiş etdirilib.
Konfransda çıxış edən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Təsadüfi deyil ki, Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyev Əsas Qanunun ən mükəmməl formada hazırlanmasını zəruri sayaraq bildirirdi: “Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”. Məhz bunun nəticəsində keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, ölkə tarixinin mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan konstitusiya müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir, ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş səmərəli dövlət siyasətini ardıcıl olaraq uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndərin müstəqil dövlət quruculuğu istiqamətindəki nəzəri və praktiki irsinə qiymət verərək demişdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları - azərbaycançılıq məfkurəsi formalaşdırıldı. Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir”. Bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər, cari ilin sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri və oktyabr ayının 15-də Xankəndi və digər ərazilərimizdə üç rəngli bayrağımızın dalğalanması ilə suverenliyimiz və konstitusyon hüquqlarımız tam bərpa olundu.
Sonda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, cənab Prezident İlham Əliyevin 2025-cü ili “Konstitusiya və Suverenlik İli” elan etməsi bu əlamətdar hadisənin tarixi və siyasi əhəmiyyətini daha da artırıb. Bildirildi ki, Azərbaycan Konstitusiyası müstəqil dövlətimizin hüquqi bünövrəsini təşkil edən əsas qanundur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş bu sənəd, dövlətimizin hüquqi, demokratik və dünyəvi inkişaf yolunu müəyyən etmiş, vətəndaşların hüquq və azadlıqlarının təminatçısıdır. Bu tarixi hadisə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və dövlət quruculuğu sahəsindəki müdrik fəaliyyətinin nəticəsidir. Məhz onun rəhbərliyi ilə qəbul edilən Konstitusiya Azərbaycan Respublikasının hüquqi dövlət kimi formalaşmasının başlanğıc nöqtəsinə çevrildi. Bildirildi ki, Ulu Öndər ikinci dəfə iqtidara gəlməmişdən öncə ölkəmizdə qanunlar işləmirdi, hüquq tapdalanırdı, elementar insan haqları kobud şəkildə pozulurdu. Lakin Ulu Öndər xalqın təkidi ilə ikinci dəfə iqtidara gələndən sonra vəziyyət dəyişməyə başladı: qanunun aliliyi, hüquq və azadlıqların müdafiəsi təmin edildi. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan dövləti öz suverenliyini tam şəkildə bərpa etmişdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbə, 2023-cü ilin antiterror əməliyyatı nəticəsində Qarabağda dövlət suverenliyimizin tam bərpası tarixi hadisədir. Bu gün Azərbaycan dövləti möhkəm hüquqi əsaslar üzərində durur, qanunun aliliyinə, insan hüquqlarına və sosial ədalətə əsaslanan siyasət həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan islahatlar həm dövlət idarəçiliyində, həm də sosial-iqtisadi sahələrdə Konstitusiyanın prinsiplərinin praktiki tətbiqidir.
Çıxışlardan sonra fəxri fərmanlar təqdim edilib.