PDF Oxu

Siyasət

  • 637

İnkişaf strategiyasının əsas hədəflərindən biri

image

Azərbaycan Respublikasında regional inkişaf, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas hədəflərindən birini təşkil edir. Regional inkişafın sürətləndirilməsi yalnız iqtisadi göstəricilərin artırılmasını deyil, həm də yerli idarəetmənin keyfiyyətinin köklü şəkildə yüksəldilməsini nəzərdə tutur. 12 noyabr 2025-ci il tarixində Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsinə və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçılara ünvanladığı tapşırıqlar, regional inkişafın sürətləndirilməsi və yerli idarəetmənin keyfiyyətinin yüksəldilməsi üzrə dövlət siyasətinin əsas prioritetlərini müəyyənləşdirir. Bu tapşırıqlar qətiyyətli tələblər şəklində irəli sürülür və ölkədə idarəetmə sisteminin daha səmərəli qurulmasına xidmət edir. Prezidentin çıxışının ana xəttini şəffaflığın artırılması, vətəndaş məmnuniyyətinin təminatı, yerli idarəetmədə korrupsiyaya qarşı amansız mübarizə və regional iqtisadi potensialın tam reallaşdırılması təşkil etmişdir.

Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət və vətəndaş müraciətlərinə həssas münasibət dayanır. Hər bir dövlət qurumunun fəaliyyətinin aynası hesab olunan bu işin daha dərin fəlsəfəsi vətəndaş məmnuniyyəti və müvafiq sahədə həyata keçirilən dövlət siyasətinin verdiyi imkanlardan insanların bəhrələnməsinin təmin olunmasıdır. Dövlət başçısı vətəndaşlara və onların problemlərinə daim böyük qayğı və diqqətlə yanaşaraq çıxışlarında bu məsələləri ön plana çəkir, vətəndaşların qayğı və problemlərinə xüsusi diqqətlə yanaşmağı tələb edir, dövlət və vətəndaş arasında münasibətin və qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş müraciətlərinə baxılmasında şəffaflığın və nəzarətin gücləndirilməsinə xüsusi önəm verir. Məmur-vətəndaş münasibətlərinin şəffaflığı, məmurların öz fəaliyyətlərində vətəndaş məmnunluğunu əsas hədəf kimi müəyyənləşdirməsi həm respublikada ümumi uğurun təminatıdır, həm də sabitliyin güclənməsinə xidmət edən vacib amillərdən biridir.

Azərbaycan Prezidenti məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə öz şəxsi keyfiyyətləri və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, haqlı olaraq dövlət idarəçiliyindəki hər kəsdən də bunu tələb edir. Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsas tədbirlər görmək Prezident İlham Əliyevin iş üslubuna çevrilib.

Dövlət başçısı həmişə çıxışlarında ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır. Prezident daim qeyd edir ki, “məmurlar xalqın xidmətçisi olduqlarını unutmamalıdırlar. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, təvazökar olmalıdırlar”. Bu baxımdan Prezident çıxışında icra başçılarına xalqdan ayrılmamağı və vətəndaşlarla birbaşa ünsiyyəti prioritet hesab etməyi qəti şəkildə tələb etdi. İcra başçıları və səlahiyyətli nümayəndə xalqın problemlərini yerindəcə, operativ şəkildə həll etməli, səmimi və açıq olmalıdırlar. Müraciətlərə baxılarkən subyektiv yanaşmaya yol verilməməli, vətəndaşlara qarşı hörmət və diqqət ən yüksək səviyyədə təmin edilməlidir. Prezidentin icra başçılarının qarşısında qoyduğu əsas vəzifəsi vətəndaş məmnuniyyətini təmin etməkdir.

Ümumən məmur-vətəndaş münasibətləri ilə bağlı ölkə mənzərəsinə nəzər saldıqda, ürəkaçan tablo ilə qarşılaşırıq. Bu gün Prezident yeni kadr islahatları ilə həm də məmur-vətəndaş münasibətləri sahəsindəki irəliləyişlərin, müsbət tendensiyaların yüksələn dinamika üzrə davamını təmin edir. Ancaq təbii ki, inkişaf yolumuz qüsurlardan da xali deyil, bəzən məmur - vətəndaş münasibətləri sferasında fərdi müstəvidə müəyyən nöqsanlar gözə çarpır. Bununla bağlı da Prezident İlham Əliyev öz prinsipial mövqeyini hər zaman ortaya qoyur və bəzən yekəxanalığa yol verən, təkəbbür sərgiləyən məmurlarla bağlı vaxtaşırı lazımi tədbirləri görülür. Prezident İlham Əliyev yeni rəhbərlərə sərt mesaj verərək, dövlət vəzifələrinin şəxsi maraqlara xidmət etməsinin qarşısının alınması üçün qətiyyətli olacağını bəyan etdi. Korrupsiya, rüşvətxorluq və dövlət əmlakından sui-istifadə hallarına yol verən hər kəsin məsuliyyətə cəlb ediləcəyi qeyd edildi. Rayon başçıları yerli iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatı və turizmin inkişafı üçün təşəbbüskar olmalı, ayrılan dövlət investisiyalarının tam təyinatı üzrə və səmərəli istifadəsinə nəzarət etməlidirlər. Prezidentin bu qəbul zamanı verdiyi tövsiyələr, idarəetmə sistemində yeni, məsuliyyətli, vicdanlı və peşəkar kadrlar üçün fəaliyyət proqramı rolunu oynayır və Azərbaycanın bütün regionlarında aparılan islahatların dərinləşməsinə xidmət edir.

Müasir Azərbaycanda səmərəli dövlət idarəetməsinin qurulması istiqamətində həyata keçirilən işlərin və dövlət siyasətinin mərkəzində vətəndaş durur, onun məmnunluğu inkişafın və şəffaflığın əsas göstəricisi hesab edilir. Hər bir məmurun da öz fəaliyyətində əsas vəzifəsi vətəndaş-məmur münasibətlərində Prezidentimizdən nümunə götürərək bu göstəricinin bütün şkalalar üzrə yüksəldilməsindən ibarət olmalıdır. Bu, həm Prezident İlham Əliyevin, həm də yeni dövrün tələbidir.

Anar Məmmədov

Milli Məclisin deputatı

Digər xəbərlər