Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları - YAP İdarə Heyətinin üzvü Tahir Mirkişili, Bəhruz Məhərrəmov və Pərvanə Vəliyeva, Nizami Rayon Məhkəməsinin sədri İlham Kərimli, Nizami rayon prokuroru Pərviz İbayev, Nizami Rayon Polis İdarəsinin rəisi Ziya Əliyev, Keşlə “Şah Abbas” məscidinin imamı Sirac Səfərov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilib. 30 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını qoymaqla dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat şəraitinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın inkişafı kimi ali məqsədlərə xidmət edib.
Bildirilib ki, ilk Konstitusiyanın milli dövlətçilik tarixindəki müstəsna əhəmiyyətini nəzərə alaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən 1 noyabr 1996-cı il tarixli Fərmanla hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur.
Çıxışlarda vurğulanıb ki, Konstitusiyamızda Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması əsas prinsiplərdən biri kimi bəyan edilib. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi uzun illər işğal altında qalıb və bu da dövlətimizin suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməyib.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, sərkərdəlik məharəti, hərbi-siyasi diplomatiyası və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazanılmış tarixi Qələbə, həmçinin 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bununla da Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə təmin edilib.
Tədbirdə diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi barədə sərəncamı Azərbaycan dövlətçiliyinin əsaslarının daha dərindən dərk edilməsi, gələcək nəsillərə ötürülməsi və hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi baxımından xüsusi tarixi əhəmiyyət daşıyır.