PDF Oxu

Siyasət

  • 914

Bölgələrin inkişafında yeni mərhələ: əsas infrastruktur layihələri demək olar ki, başa çatıb ŞƏRH

image

Noyabrın 12-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyəti başçılarını qəbul edərkən ölkənin regional inkişafında artıq bir mərhələnin yekunlaşdığını və yeni mərhələyə keçidin başlandığını vurğuladı. Dövlət başçısının “Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb” fikri son 20 ildən artıq dövrdə aparılan məqsədyönlü siyasətin nəticələrinin ümumiləşdirilmiş ifadəsidir. Bu müddətdə regionların siması əhəmiyyətli dərəcədə dəyişib, uzun illər mövcud olan sosial-iqtisadi problemlər mərhələli şəkildə həll olunub.

2004-cü ildən etibarən həyata keçirilən dörd Dövlət Proqramı bütün ölkə üzrə infrastrukturun yenilənməsinə sistemli yanaşmanı təmin edib. Bu proqramlar çərçivəsində yollar, enerji xətləri, su təchizatı, qazlaşdırma, rabitə və sosial infrastrukturda genişmiqyaslı işlər görülüb. Prezident İlham Əliyevin çıxışlarında da qeyd olunduğu kimi, hazırda ölkənin elektrik enerjisi təminatı tam stabildir, qazlaşdırma səviyyəsi 96%-dən çox olmaqla, demək olar ki, bütün yaşayış məntəqələrini əhatə edir, su və yol infrastrukturu isə planlaşdırılan hədəflərə uyğun şəkildə başa çatdırılıb və ya tamamlanma mərhələsindədir. Bu göstəricilər dövlət başçısının son tezisinin konkret faktlara söykəndiyini təsdiqləyir.

İnfrastrukturun formalaşması bölgələrin iqtisadi cəlbediciliyini artıran əsas faktorlardan biridir. Son illərdə yeni yollar, dayanıqlı enerji təminatı, genişlənən su və kommunikasiya xətləri regionlarda biznes mühitini yaxşılaşdırıb, istehsal və xidmət sahələrinin sayını artırıb, turizm və kənd təsərrüfatı üçün yeni imkanlar yaradıb. Bu proses regionların paytaxtdan asılılığını azaldan lokal iqtisadi modellərin formalaşmasına təkan verib və məşğulluq üçün sabit baza yaradıb. Əhalinin kəndlərdə və rayonlarda daim məskunlaşması üçün əsas şərtlər – yol, su, enerji, rabitə – artıq demək olar ki, tam təmin olunub.

İnfrastrukturun fiziki olaraq tamamlanması ölkənin idarəçilik gündəliyini dəyişən əsas amilə çevrilib. Artıq prioritet yeni obyektlərin tikintisi deyil, mövcud sistemlərin dayanıqlı və səmərəli işləməsidir. Prezident İlham Əliyevin qəbul zamanı məmurlara verdiyi tapşırıqların mahiyyəti də bunu göstərir: icra hakimiyyəti rəhbərləri xalqa yaxın olmalı, problemləri yerində araşdırmalı, operativlik, şəffaflıq və cavabdehlik prinsiplərinə əsaslanmalıdırlar. Dövlət başçısının vurğuladığı “etimadı əməli fəaliyyətlə doğrultmaq” tələbi yeni idarəçilik mərhələsinin əsas xəttini müəyyənləşdirir.

Prezidentin qəbul zamanı səsləndirdiyi mesajlar dövlət idarəçiliyində keyfiyyət mərhələsinin başlandığını göstərir. O, açıq şəkildə bəyan etdi ki, məmur özünü xalqdan üstün tuta bilməz və hər bir dövlət qulluqçusu vətəndaşla birgə olmalı, ona xidmət etməlidir. Bu çağırış həm yeni təyin olunan məmurlara, həm də bütövlükdə yerli idarəetmə sisteminə ünvanlanmış strateji siqnaldır: infrastrukturun tikintisi tamamlanıbsa, növbəti vəzifə onun düzgün idarə olunması və insanların rifahına real təsirinin təmin edilməsidir.

Beləliklə, Prezident İlham Əliyevin qəbul zamanı səsləndirdiyi fikirlər görülən işlərin yekun nəticəsini özündə ehtiva etməklə yanaşı, qarşıdakı dövr üçün yeni siyasi, sosial və iqtisadi xətt müəyyən edir. Azərbaycanın regionları bu gün müasir infrastruktur bazasına malikdir və növbəti mərhələdə bu infrastrukturun insan yönümlü, şəffaf və dayanıqlı idarə olunması ölkənin inkişaf trayektoriyasının əsas istiqamətinə çevriləcək.

Ülvi Fərzəliyev,

YAP Neftçala rayon təşkilatının sədri

Digər xəbərlər