PDF Oxu

Siyasət

  • 1 047

Sarsılmaz dostluq

image

“Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir.” Dövlət başçısı İlham Əliyev bu günlərdə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində iki dost, qardaş ölkənin münasibətlərinin dünəninə, bu gününə baxış əsasında qarşıdakı dövrün hədəflərini diqqətə çatdırdı. Hər iki ölkə əlaqələrin bütün sahələrdə uğurlu inkişafında maraqlıdır və böyük potensiala malikdirlər.

Cənab İlham Əliyev bildirdi ki, münasibətlərimizin inkişafına təsir edən digər mühüm amil Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə aralarında yaranan şəxsi etimad və dostluq münasibətləridir. Özbəkistan Prezidentinin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi töhfəsi, onun çoxşaxəli əməkdaşlığımızın ardıcıl olaraq gücləndirilməsinə daim diqqət yetirməsi xüsusi qeyd edildi. O da vurğulandı ki, qardaş Özbəkistanın lideri, görkəmli dövlət xadimi və Azərbaycanın böyük dostu Şavkat Mirziyoyevi ölkəmizdə salamlamaq bizim üçün həmişə böyük şərəf və məmnuniyyətdir. Son bir il yarım ərzində beş belə səfər olub. Bütün bunlar münasibətlərimizin yüksək dinamikasını əyani şəkildə göstərir.
Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib. Özbəkistana Qarabağın bərpasına verdiyi töhfəyə, xüsusən də azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisinə görə minnətdarıq. Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Biz bunu ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edirik.
Sözügedən müsahibəsində qardaş Özbəkistana qarşıdakı səfərindən bəhs edən cənab İlham Əliyev bildirmişdir ki, hər dəfə Özbəkistanın dinamik inkişafını və özbək xalqının əldə etdiyi heyranedici nailiyyətləri böyük məmnunluqla müşahidə edir. Həyata keçirilən genişmiqyaslı islahatlar və cəmiyyətin bütün sahələrinin ardıcıl müasirləşdirilməsi ölkənin nüfuzunun davamlı artmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə kömək edir. Bu nailiyyətlər dostum və qardaşım Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətinin göstəricisidir.
Həmin müsahibədən iki gün sonra cənab İlham Əliyevin Özbəkistana səfəri reallaşdı. Özbəkistan Prezidentinin dəvəti ilə Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün bu ölkəyə səfər edən dövlət başçısı İlham Əliyev tədbirdəki çıxışında bir daha diqqəti Özbəkistanın inkişafına yönəltdi. Qeyd etdi ki, Özbəkistan qardaşım Şavkat Mirziyoyevin müdrik rəhbərliyi ilə inkişaf və quruculuq yolunda inamla irəliləyir. Onun güclü beynəlxalq nüfuzu, səmərəli iqtisadi islahatları, sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrində həyata keçirdiyi irimiqyaslı layihələr Özbəkistanı regionda lider mövqeyə yüksəldib. Prezidentin gündəlik qayğısı sayəsində Özbəkistan dünyanın aparıcı idman dövlətləri sırasında yer alıb. Bu yaxınlarda keçirilən Yay Olimpiya Oyunları bunu əyani şəkildə nümayiş etdirdi. Şavkat Miromonoviç müdrik dövlət xadimi olmaqla yanaşı, həm də Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfə vermiş insandır. O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır. Uzaqgörən siyasi xadim Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında daha sıx əməkdaşlığa ehtiyac olduğunu aydın görür.
Tədbirdə çox mühüm qərar qəbul edildi. Bu qərara əsasən, Azərbaycan tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşuldu. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirdi ki, həmrəyliyin gücləndirilməsi və birgə inkişafa can atmaq Mərkəzi Asiyanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və qlobal rolunun artırılmasına töhfə verir. “Mərkəzi Asiya +” formatlarının qarşılıqlı fəaliyyəti güclənib. Region nüfuzlu beynəlxalq platformalarda vahid mövqedən çıxış edir. Şübhəsiz ki, Azərbaycanın bizim formata qoşulması ilə regionumuzun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq.
Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın möhkəmlənməsinə dövlət başçımızın şəxsi töhfələri yüksək qiymətləndirilir. Özbəkistan ilə Azərbaycan arasında müttəfiqlik, tərəfdaşlıq münasibətlərinin parlaq və ümidverici gələcəyi var. Hazırkı dövrün aktual məsələləri ətrafında aparılan müzakirələr, imzalanan sənədlər münasibətlərin gələcəyinə daha böyük inamla baxmağa əsas verir.

Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri

Digər xəbərlər