Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakının olduğunu bidirib. Qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.
Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır.
Son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər və mən özüm də həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olmuşam. Orta Dəhlizin artan əhəmiyyəti əməkdaşlığımızın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır.
Ölkə Prezidenti qeyd edib ki, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq.
İki ölkə arasında əməkdaşlıq təkcə, ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda da uğurla inkişaf edir. Belə ki, Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının üzvləri kimi türk birliyinin möhkəmləndirilməsində də fəal iştirak edirlər. Eyni zamanda, əlaqələrimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etməkdədir.
Prezident İlham Əliyevin UzA-ya müsahibəsi göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, türk dünyasının qlobal miqyasda mövqeyini gücləndirən strateji xətt kimi inkişaf edir. Xəzər dənizi, Orta Dəhliz, enerji və sənaye əməkdaşlığı, siyasi həmrəylik və mədəni birlik — bütün bunlar yeni siyasi reallığın formalaşmasına xidmət edir. Bu gün Azərbaycan və Mərkəzi Asiya ölkələri ayrılıqda fəaliyyət göstərən dövlətlər deyil — vahid tarixi-mədəni məkanın, vahid geosiyasi baxışın, vahid inkişaf strategiyasının daşıyıcılarıdır. Bu birlik regionumuzun gələcəyini daha güclü, daha dayanıqlı və daha rəqabətqabiliyyətli edir.
Vüqar İsmayılov
Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaş