“1930-cu ildə yaradılan Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Mənfur düşmənlərimiz 30 il Ağdamı əsarətdə saxlamaqla buranı bir xarabalığa çevirmişdilər. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Əslində Ağdam qədim Azərbaycan diyarıdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Vətən müharibəsindən sonra torpaqlarımızın işğaldan azad olunması ilə Ağdam yenidən öz qədim sakinlərinə qovuşdu”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.
Vüqar İskəndərov qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata əsasən 20 noyabr 2020-ci ildə bir güllə belə atılmadan Ağdamın işğaldan azad olunmasından sonra Prezident İlham Əliyevin dediyi kəlmələr bu gün özünü tam doğruldur: “Onun “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” deyə səsləndirdiyi ifadələr 5 il ərzində öz təsdiqini tam olaraq tapıb. Bildiyiniz kimi Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənmişdir. Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, burada da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. Şəhər və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir. Hazırda şəhərin 2-ci məhəlləsində 66 binanın tikinti işləri başlayıb. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. 2025-ci ilin oktyabr ayına qədər Ağdamın yenidən məskunlaşdırılması proqramı çərçivəsində 825 ailə, 3318 nəfər öz doğma torpaqlarına köçürülmüşdür. Əlbəttə bu proseslər davamlı olaraq aparılır. Baş plan isə göstərir ki, yaxın gələcəkdə Ağdam Azərbaycanın nə inkişaf etmiş şəhərlərindən biri olacaq”.