13 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə iki qardaş dövlət arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu təsdiq etdi. Dövlət başçısının fikirləri regionda əməkdaşlıq, iqtisadi inteqrasiya və təhlükəsizlik məsələlərinə strateji yanaşmanı nümayiş etdirərək Azərbaycan–Özbəkistan əlaqələrinin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan ilə Özbəkistan arasındakı münasibətləri “müttəfiqlik” kimi səciyyələndirərək, bu tərəfdaşlığın əsasını tarixi bağlılıq, ortaq mədəni dəyərlər və dövlət başçılarının siyasi iradəsi təşkil etdiyini vurğuladı. Onun Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə qurduğu dostluq və yüksək etimad mühiti ikitərəfli münasibətlərin dinamik və davamlı inkişafına güclü təkan verir.
Müsahibədə dövlətimizin başçısı Azərbaycanın Mərkəzi Asiya regionu ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirdi. Region dövlətləri ilə siyasi əlaqələrin intensiv xarakter alması Xəzər hövzəsində təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə və yeni iqtisadi inteqrasiya platformalarının formalaşmasına səbəb olur. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü bu baxımdan Azərbaycanın regionda artan rolunu bir daha nümayiş etdirir.
Prezident İlham Əliyev Azərbaycan–Özbəkistan əlaqələrinin mühüm istiqamətlərindən biri olan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşdü. Neft məhsullarının tədarükü, eləcə də bərpa olunan enerji üzrə birgə layihələr ölkələrimiz arasında iqtisadi inteqrasiyanı gücləndirir.
Bununla yanaşı, “Orta Dəhliz”in inkişafı Azərbaycanın tranzit gücünü artırmaqla Mərkəzi Asiya ölkələri üçün etibarlı iqtisadi tərəfdaş kimi rolunu daha da möhkəmləndirir. Bu istiqamətdə aparılan işlər regional ticarətin genişlənməsinə, logistika imkanlarının zənginləşməsinə və yeni investisiya axınlarına şərait yaradır.
Dövlət başçısı müsahibəsində mədəni və mənəvi əlaqələrin önəmini xüsusi vurğuladı. Azərbaycan və Özbəkistan xalqları arasında ortaq köklər, birgə ənənələr və dəyərlər humanitar sahədə əməkdaşlığın təbii şəkildə genişlənməsinə zəmin yaradır.
Özbəkistanın Füzuli rayonunda Mirzo Ulugbek adına məktəbin inşası bu qardaşlığın simvolik və tarixi əhəmiyyət daşıyan təzahürüdür. Bu layihə təkcə humanitar dəstək deyil, həm də iki xalq arasındakı sarsılmaz birlik və qarşılıqlı hörmətin bariz nümunəsidir.
Dövlət başçısının vurğuladığı digər mühüm məqam idman sahəsində əməkdaşlıqdır. Azərbaycanın və Özbəkistanın U-20 futbol dünya çempionatının final mərhələsini birgə keçirmələri idmanın iki ölkə arasında həm dostluq, həm də beynəlxalq arenada birgə təşəbbüslərin təşviqi vasitəsinə çevrildiyini göstərir.
Beləliklə, Prezident İlham Əliyevin UzA-ya verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin strateji hədəflərə əsaslandığını və yeni inkişaf mərhələsinə daxil olduğunu aydın şəkildə ortaya qoyur. Bu münasibətlər regionda sülhün, sabitliyin və tərəfdaşlığın möhkəmləndirilməsi, eyni zamanda xalqlarımız arasındakı dostluğun daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu müsahibə, gələcəyə doğru inamla addımlayan iki dövlətin qarşılıqlı etimad, qardaşlıq və strateji vizion əsasında formalaşan əlaqələrinin bariz göstəricisidir.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri