18 noyabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı və Ağstafa Təhsil Sektorunun birgə təşkilatçılığı ilə partiyanın yaradılmasının 33-cü ildönümünə həsr olunmuş rayon məktəblərini təmsil edən gənc müəllimlərdən ibarət komandalar arasında bilik yarışı keçirilib.
Tədbirə başlamazdan öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və digər natiqlər çıxış edərək Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyəti barədə geniş məlumat veriblər və komandalara uğurlar arzulayıblar.
Yarışda 23 komanda mübarizə aparıb. Suallar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, Yeni Azərbaycan Partiyasının və Qarabağın tarixini, eləcə də ümumi dünyagörüşünü əhatə edib.
Yekun nəticələrə əsasən, Suverenlik müdafiəçiləri (Həsənsu məktəbi) komandası birinci yerə, Qüdrətli zəka (Böyük Kəsik məktəbi) komandası ikinci yerə, Suverenlik ustaları (Pirili məktəbi) komandası isə üçüncü yerə layiq görülüb.
Qalib komandalar Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunublar.