Ölkə başçısı, cənab Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi 20 Noyabr tarixi Ağdam Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. 1990-cı illərdə Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri olmuşdur. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini – Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq, məhz Ağdam rayonundan başlamışdır. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bəzi havadarlarına arxalanaraq, Dağlıq Qarabağın ətraf rayonlarına da hücum edmişdir. 1993-cü il iyul ayının 23-də Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından sonra Azərbaycanın işğal altında olan digər rayonlarında olduğu kimi, Ağdamda da ermənilər tarixi mədəni abidələri dağıdıb, əsl vəhşilik nümayiş etdiriblər. Ermənilər Ağdam rayonunda olan muzeylərdəki eksponatları da talayıblar.
2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliyi nəticəsində otuz ilə yaxın düşmən işğalı altında olan torpaqlarımız 44 gün ərzində azad edildi. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur oldu. Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Azad edilən Ağdamda dərhal böyük tikinti və quruculuq işlərinə başlanıldı. Ərazisinin çox hissəsi minalı sahə olsa da, təmizləmə işləri aparılmaqla yanaşı, şəhərin sosial xəritəsi tamamilə yeni və müasir şəkildə qurulmağa başlanılıb. Ötən dörd ildə Ağdam şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Ağdamda keçmiş məcburi köçkünlərin tezliklə öz ata-baba yurdlarına qayıtması üçün ölkəmizin bütün potensialı səfərbər olunub. Hazırda rayonda irimiqyaslı infrastruktur layihələri icra olunur. İndi yenidən qurulmaqda olan şəhər onun üçün qəribsəyən və geri dönmək üçün darıxan doğma sakinlərinin yolunu gözləyir. Tikinti-quruculuq işləri isə bir an da ara vermir, yeni sosial obyektlər, yeni abad küçə və prospektlər salınır, yeni ünvanlar, binalar və mənzillər tikilir.
Böyük qürur hissi ilə qeyd etməliyik ki, Ağdam rayonu bu gün azaddır. Ağdamın gözəl təbiəti, əlverişli relyefi, bərəkətli torpağı, zəngin su ehtiyatları dövlət iqtisadiyyatı və turizm sahəsinin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə o cümlədən Ağdam rayonunda genişmiqyaslı tikinti quruculuq işlərinə başlanılmışdır. Ölkə başçısının işğaldan azad edilmiş Ağdam rayonuna aradan ötən müddət ərzində dəfələrlə səfər etməsi və görülən işlərlə yerində tanış olması mühüm tarixi hadisə olmaqla yanaşı, eyni zamanda cənab Prezidentin diqqət və qayğısının bariz sübutudur. Hazırda işğaldan azad edilmiş Ağdamda irimiqyaslı layihələr icra edilməkdədir. Ən müasir tələblərə cavab verən nəqliyyat yolları, körpülər, tunellər, yaşayış binaları və bir sıra infrastruktur layihələrinin icrası davam etdirilir. Görülmüş genişmiqyaslı işlər bizə deməyə əsas verir ki, artıq erməni vandalizminə məruz qalmış torpaqlarımıza o, cümlədən Ağdama həyat yenidən qayıdır.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama çoxsaylı səfərləri şəhərin dirçəliş prosesinin əsas hərəkətverici qüvvəsinə çevrilib. Hər bir səfər konkret layihələrin icrası, yeni infrastruktur obyektlərinin təməli və strateji məqsədlərin açıqlanması ilə yadda qalıb. Cənab Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərinin Baş planı təsdiqlənib, “Ağdam Sənaye Parkı” fəaliyyətə başlayıb, “Zəfər parkı”, “Qayıdış məhəlləsi”, “Ağdam–Füzuli” və “Ağdam–Bərdə” avtomobil yolları, eləcə də müasir yaşayış kompleksləri, məktəblər və sosial infrastruktur obyektləri tikilib. “Ağdam Cümə Məscidi”nin bərpası, müasir mədəniyyət və incəsənət mərkəzlərinin inşası, idman və gənclər layihələrinin icrası da bu səfərlərin davamlı nəticələrindəndir. Cənab Prezident İlham Əliyevin “Ağdamı və bütün Qarabağı yenidən bərpa edəcəyik – bu, bizim şərəf borcumuzdur” sözləri bu gün reallığa çevrilib.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.