PDF Oxu

Siyasət

  • 415

Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır

image

Ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, artıq üçüncü ildir ki, Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.

Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafına xüsusi diqqət ayrılır, xalqın rifah halının yaxşılaşdırılması və əldə olunan nailiyyətlərə hər bir sahədə əlçətanlığın təmin olunması üçün ardıcıl, davamlı siyasət həyata keçirilməkdədir. 2020-ci ildə, Vətən müharibəsində xalqımızın torpaqlarını işğaldan azad etməsi regionların idarə olunmasının keyfiyyətcə yeni mərhələsi ilə nəticələndi. Belə ki, 30 ilə yaxın işğal altında saxlanılmış, eyni zamanda, viran qoyulmuş Qarabağ iqtisadi zonasında yerləşən rayonların bərpa və yenidən qurulması istiqamətində sürətli tədbirlər görülməyə başlandı. Təsadüfi deyil ki, keçdiyimiz dörd ildə işğaldan azad olunmuş ərazilərdə dövlətimiz tərəfindən gecə-gündüz aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Prezident cənab İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Ağdam azad edildikdən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il noyabrın 23-də buraya gələrək bərpa işlərinin başlanğıcını elan etdilər.

İşğaldan azad olunmuş Ağdamı erməni vandalizminin ən böyük şahidi hesab etmək olar. Ermənistan uzun illər qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Xarici və yerli jurnalistlər Ağdamı Qafqazın Xirosiması adlandırırlar. Azərbaycan hökuməti erməni vandallarının törətdikləri vəhşilikləri, eləcə də 30 il işğal altında saxlayaraq darmadağın etdikləri, viran qoyduqları şəhərləri dünya ictimaiyyətinin görməsi üçün yüksək səviyyəli nümayəndə heyətlərinin, habelə ölkəmizə təşrif buyurmuş diplomatik korpus və vətəndaş cəmiyyəti nümayəndələrinin həmin ərazilərə səfərlərini təşkil edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”təsdiq edilmişdir. Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənmişdir.Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhəri və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir Göründüyü kimi, azadlığına qovuşmuş Ağdamın quruculuq, bərpa və inkişaf dövrü başlayıb.

Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Həmin kəndlərin birinci mərhələlərinin açılışı olmuşdur. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır.2025-ci ilin oktyabr ayına qədər Ağdamın yenidən məskunlaşdırılması proqramı çərçivəsində 825 ailə, 3318 nəfər öz doğma torpaqlarına köçürülmüşdür.

Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi isə davam etdirilir. Sahibkarlar tərəfindən görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb, 938 nəfər daimi işlə təmin edilib.

Ağdam Muğam Mərkəzi 2025-ci il mayın 10-da açılmışdır. Buradakı 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb.Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib.Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.

Artıq 5 ildir bütün dünyaya göstəririk ki, öz yurdumuzu düşməndən geri almağı bacardığımız kimi, onu dirçəltməyə, gözəlləşdirməyə də hər imkanımız var. Qarabağın mərkəzi rayonu Ağdam ölkə Prezidentinin rəhbərliyi və nəzarəti ilə xarabalıqlardan baş qaldırıb ucalır, yenidən ağ günlərinə qovuşur. Çox keçməyəcək ki, onun acı mənzərəsinin yerində müasir, işıqlı, öz sakinlərinin isti nəfəsi ilə canlanmış gözəl bir şəhər görəcəyik.

Şövqi Həsənov,

YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı

Digər xəbərlər