PDF Oxu

Siyasət

  • 993

“2026-cı ilin büdcə zərfi Azərbaycanın strateji inkişaf kursunun göstəricisidir” - Azər Əmiraslanov

image

“Cənab Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunan 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər komitələrdə geniş və əhatəli müzakirələrdən keçib. Deputat həmkarlarımız tərəfindən sosial-iqtisadi inkişafla bağlı səsləndirilən dəyərli təkliflər hökumət tərəfindən nəzərə alınıb və layihə birinci oxunuşda ümumi razılıqla plenar iclasa çıxarılıb”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin büdcə müzakirələri zamanı səsləndirib.Deputat bildirib ki, 2026-cı ilin büdcə sənədləri sistemli və strateji yanaşmanın məhsuludur: “Bu büdcə təsadüfi deyil – dövlətimizin həyata keçirdiyi məqsədyönlü, ardıcıl və strateji siyasətin nəticəsidir. Azərbaycan artıq siyasi və iqtisadi müstəqilliyini tam təmin etmiş güclü bir dövlətdir. Bu gün təqdim olunan büdcə layihəsi təkcə maliyyə sənədi yox, həm də ölkə başçısının iradəsini, strateji hədəflərini və gələcəyə yönəlik prioritetlərini əks etdirən siyasi sənəddir”.Azər Əmiraslanov vurğulayıb ki, Azərbaycanın iqtisadi nailiyyətləri əsasən daxili resurslar hesabına əldə olunub: “Strateji təşəbbüslərimizin icrası heç bir xarici dövlətdən və ya beynəlxalq təşkilatdan asılılıq yaratmadan həyata keçirilir. Bu, dövlətimizin iqtisadi gücünün və siyasi qətiyyətinin nəticəsidir”.Deputat büdcənin əsas parametrlərini də diqqətə çatdırıb: “2026-cı ilin dövlət büdcəsində gəlirlər 38,6 milyard manat, xərclər isə 41,7 milyard manat təşkil edir. Büdcə sənədlərinin təxminən yeddi dəfə təsdiq olunması ölkəmizin beynəlxalq maliyyə öhdəliklərini hər zaman vaxtında yerinə yetirdiyini göstərir”.Komitə sədri qeyd edib ki, büdcə zərfi kompleks və çoxşaxəli sənəd olduğu üçün onun dəyərləndirilməsi ciddi təhlil tələb edir: “Gələn ilin büdcə zərfi struktur baxımından da əvvəlki illərdən əhəmiyyətli dərəcədə fərqlənir. Layihə hökumətin rasional büdcə siyasətini, resurslardan məqsədyönlü istifadəyə yönəlmiş yanaşmanı nümayiş etdirir. Heç bir ölkə ideal büdcə ilə işləyə bilməz, çünki ideal büdcə bütün ehtiyacların tam ödənilməsini nəzərdə tutur. Bu isə real deyil. Ona görə də əsas məqsəd rasional yanaşmanı tətbiq etməkdir”.Azər Əmiraslanov çıxışının sonunda bildirib ki, 2026-cı il büdcə layihəsi iqtisadi blokun vahid mövqeyini, dövlətin möhkəm maliyyə strategiyasını və gələcəyə hesablanmış inkişaf kursunu özündə əks etdirir: “Bu sənəd Azərbaycanın qarşıdakı illərdə sosial rifahı, müdafiə qabiliyyətini, iqtisadi dayanıqlığı və strateji hədəfləri təmin etməyə yönəlib”.

Digər xəbərlər