PDF Oxu

Siyasət

  • 1 394

"Büdcə imkanları genişlənir, rifah artır” - Sahil Babayev

image

"Azərbaycanın uzunmüddətli makroiqtisadi göstəricilərində əldə olunan nəticələr ölkədə aparılan iqtisadi siyasətin səmərəliliyini bir daha təsdiqləyir. Strateji valyuta ehtiyatlarının 82 milyard dollara çatması və xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizinə bərabər olması dövlətin dayanıqlı iqtisadi idarəetmə modelinin bariz təzahürüdür". SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Milli Məclisdə büdcə müzakirələri zamanı bildirib.Nazir qeyd edib ki, dövlətin artan maliyyə imkanları sosial təminatın gücləndirilməsinə əlverişli şərait yaradır: “Ölkə başçısının təşəbbüsləri nəticəsində son illərdə 5 sosial islahat paketi həyata keçirilib. Minimum əməkhaqqı, minimum pensiyalar, müxtəlif müavinət və təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. Bu islahatlar Prezidentin sosial həssas təbəqələrin rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl siyasətinin növbəti ifadəsidir”.Sahil Babayev vurğulayıb ki, təqdim edilən büdcə layihəsi rifah cəmiyyətinə yönəlmiş inkişaf strategiyasının maliyyə təminatını formalaşdırır: “2020-ci illərdən etibarən dövlət büdcəsinin əsas xəttini ölkəmizin qarşısında duran böyük vəzifələri icra etmək təşkil edir. Büdcə imkanları artdıqca, ilk növbədə azad edilmiş ərazilərdə quruculuq proseslərini daha da sürətləndirməli və insanların öz doğma yurdlarına tezliklə qayıdışını təmin etməliyik”.Nazir bildirib ki, 2021-ci ildən bəri Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri üçün dövlət büdcəsi üzrə 17,6 milyard manat vəsait ayrılıb, ilin sonuna qədər bu rəqəmin 22 milyard manata çatacağı gözlənilir.O əlavə edib ki, 2026-cı ilin büdcəsi və növbəti üç ilin icmal xərclər çərçivəsi yenidənqurma, təhlükəsizlik və müdafiə istiqamətlərində maliyyə təminatını prioritet kimi müəyyənləşdirir: “Regionda baş verən proseslər fonunda Azərbaycanın təhlükəsizliyi, milli maraqlarının müdafiəsi, ərazi bütövlüyünün və suverenliyinin qorunması, müdafiə qabiliyyətinin daha da gücləndirilməsi növbəti ilin büdcəsində prioritet olaraq saxlanılıb”.Nazir bu məqamda Prezident İlham Əliyevin fikirlərini xatırladıb: “Cənab Prezidentin ‘Biz bütün vəzifələrimizi yerinə yetirmişik, amma ordu quruculuğu bundan sonra da prioritet olaraq qalacaq’ sözləri təhlükəsiz və güclü Azərbaycanın inkişaf gündəliyinin ideoloji əsasını təşkil edir. 2026-cı ilin büdcəsində də bu istiqamət üçün lazımi dəstək tam şəkildə əksini tapıb”.Sahil Babayev sonda 2026-cı ilin büdcə rəqəmlərini təqdim edib: “Təqdim olunmuş layihəyə əsasən, dövlət büdcəsinin gəlirləri 36,6 milyard manat, xərcləri isə 41,7 milyard manat səviyyəsində proqnozlaşdırılır. Büdcə kəsiri 3,1 milyard manat həcmində nəzərdə tutulur”.

Digər xəbərlər