PDF Oxu

Siyasət

  • 1 200

“2026-cı ilin büdcəsi sosial-iqtisadi sabitliyi və dayanıqlı inkişafı əks etdirir” - Sahibə Qafarova

image

Milli Məclisin 2025-ci il 19 noyabr tarixli plenar iclasında 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirələri zamanı Parlamentin sədri Sahibə Qafarova çıxış edib. SİA xəbər verir ki, o, büdcə müzakirələrinin bu il xüsusi tarixi məna daşıdığını vurğulayıb.Sahibə Qafarova bildirib ki, büdcə müzakirələri “Konstitusiya və Suverenlik İli”nə təsadüf edir. Bu ilin noyabrın 12-də xalqımız Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızın 30 illiyini, həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin 5-ci ildönümünü qürurla qeyd edib. Parlament sədrinin sözlərinə görə, yaranmış bu tarixi fon gələn ilin dövlət büdcəsi layihəsinin müzakirələrinə xüsusi məna verir.O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ölkəmizə mürəkkəb beynəlxalq şəraitə baxmayaraq makroiqtisadi sabitliyi qorumağa, iqtisadi müstəqilliyi daha da möhkəmləndirməyə imkan verib. Qeyri-neft sektorunun artımı, ixrac imkanlarının genişlənməsi, enerji sisteminin modernləşdirilməsi və yaşıl enerji layihələrinin reallaşması Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi siyasətinin uğurla davam etdiyini təsdiqləyir.Parlament sədri xüsusilə vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Qarabağ və Şərqi Zəngəzurda innovativ və enerjiyə qənaət edən yeni iqtisadi model formalaşır. Sosial sahənin daim diqqət mərkəzində saxlanıldığını bildirən Qafarova qeyd edib ki, insanların rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır.Sahibə Qafarova əlavə edib ki, qlobal çağırışların gücləndiyi dövrdə Azərbaycan maliyyə intizamını qorumaqla yanaşı, büdcə gəlirlərinin yüksəlməsinə, sosial yönümlü xərclərin artmasına və maliyyə ehtiyatlarının möhkəmləndirilməsinə nail olub.2026-cı ilin dövlət büdcəsinin əsas göstəricilərinə toxunan parlament sədri bildirib ki, gələn ilin büdcə gəlirləri 38,6 milyard manat, xərcləri isə 41,7 milyard manat məbləğində proqnozlaşdırılıb. Gəlirlərin 57,4 faizi qeyri-neft-qaz sektorunun payına düşəcək və bu göstərici 2025-ci illə müqayisədə təxminən 11 faiz artım deməkdir.Sahibə Qafarova qeyd edib ki, büdcənin prioritet istiqamətləri hər zaman olduğu kimi, milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin gücləndirilməsi, Silahlı Qüvvələrin təchizatının yaxşılaşdırılması, sosial müdafiə, təhsil, azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış proqramının maliyyələşdirilməsi olacaq.Parlament sədri bildirib ki, büdcə layihəsi Milli Məclisin komitələrində geniş müzakirə olunub və plenar iclasa tövsiyə edilib. Əlavə olaraq, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri və nümayəndələri də müzakirələrə dəvət olunaraq öz fikirlərini bölüşüblər. Hesablama Palatası isə büdcə zərfi barədə müsbət rəy verib.Sahibə Qafarova deputatları müzakirələrdə fəal iştirak etməyə çağıraraq, məruzə və çıxışların ardıcıllığı barədə təklifini də səsləndirib: Əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, daha sonra maliyyə və iqtisadiyyat nazirlərinin məruzələri dinlənəcək, ardınca Mərkəzi Bank və Hesablama Palatasının məlumatları təqdim olunacaq.

Digər xəbərlər