20 Noyabr tarixində qeyd etdiyimiz Ağdam Şəhəri Günü, Azərbaycanın müasir dövlətçilik tarixində dərin məna daşıyan bir gündür. Bu gün işğaldan azad edilmiş Ağdamın dirçəlişinə, onun yenidən qurulmasına, Böyük Qayıdış prosesinin uğurla davam etməsinə həsr edilmiş əlamətdar gündür. Ağdam bu gün təkcə bir şəhər kimi deyil, həm də dövlətimizin siyasi iradəsinin, milli dayanıqlığın və inkişaf strategiyasının simvolu kimi dəyərləndirilir.
İşğal illərində Ağdam bütün infrastrukturu dağıdılmış, mədəniyyət abidələri yerlə-yeksan edilmiş bir şəhərə çevrilmişdi. Lakin Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində şəhər azad olundu və dərhal ardınca ölkə rəhbərliyi Ağdamın bərpasını prioritet istiqamət kimi müəyyənləşdirdi. Prezident İlham Əliyevin mütəmadi səfərləri, şəhərin baş planının təsdiqlənməsi, genişmiqyaslı infrastruktur layihələrinin icrası Ağdamın inkişafında yeni mərhələnin əsasını qoydu.
Bu gün Ağdam Sənaye Parkında müxtəlif sahələri əhatə edən istehsal müəssisələrinin yaradılması iqtisadi potensialı xeyli artıracaq. Bölgədə salınan müasir avtomobil yolları, su və elektrik xətləri, müasir idarəetmə və xidmət mərkəzləri, yeni yaşayış zonaları Ağdamın gələcəyinin parlaq olacağını göstərir. Ağdam artıq təkcə bərpa edilən şəhər deyil, yüksəlişə doğru gedən bir iqtisadi və sosial mərkəzə çevrilməkdədir.
20 Noyabr – Ağdam Şəhəri Gününün qeyd edilməsi həm də Ağdam sakinlərinin qayıdış sevincinin, dövlət-vətəndaş birliyinin nümayişidir. Otuz ilə yaxın bir dövrü yurd həsrəti ilə keçirən insanlar bu gün doğma evlərinə dönür, həyatlarını yenidən qururlar. Bu qayıdış yalnız fiziki məskunlaşma deyil, həm də bir millətin öz torpağına bağlılığının təntənəsidir.
Ağdamın gələcək inkişafı Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzur üçün hazırladığı genişmiqyaslı strategiyanın mühüm həlqəsidir. Bu strategiya bölgənin iqtisadi inteqrasiyasını gücləndirəcək, turizm, kənd təsərrüfatı və sənaye sahələrində yeni imkanlar yaradacaq.
20 Noyabr – Ağdam Şəhəri Günü bizim həm keçmişi anmaq, həm bu günü dəyərləndirmək, həm də gələcəyə inamla baxmaq günümüzdür. Bu gün Ağdamın dirçəlişi bizi bir daha həmrəyliyə, birlik və inkişaf yolunda addımlamağa səsləyir. Qarşımızda böyük hədəflər, böyük planlar dayanır və bu planların mərkəzində yenidən doğulan Ağdam dayanır.
İlqar Abdullayev,
YAP Çobankənd Ərazi Partiya təşkilatının sədr müavini