"1991–1992-ci illər Azərbaycan üçün mürəkkəb bir dövr idi. Sovet İttifaqının dağılması ilə ölkə müstəqilliyini bərpa etmiş, lakin yeni dövlət kimi ciddi sosial-iqtisadi və siyasi böhranlarla üzləşmişdi. Ermənistanla Dağlıq Qarabağ münaqişəsi dərinləşmiş, iqtisadiyyat iflic vəziyyətə gəlmiş, separatizm meyilləri güclənmişdir. Bu şəraitdə dövlətçilik institutlarının möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və ölkənin demokratik inkişafı üçün yeni siyasi qüvvəyə ehtiyac yaranmışdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.O bildirib ki, 1992-ci il oktyabrın 16-da bir qrup Azərbaycan ziyalısı Ümummilli Lider Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi: "Heydər Əliyev isə 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda bu təşəbbüsü qəbul etmiş və partiyanın yaranmasının “tarixi zərurətdən doğduğunu” bildirmişdir. Belə bir şəraitdə 91 tanınmış ziyalının – sonradan “91-lər” kimi tarixə düşən qrupun – xalqın tələbi ilə siyasi lider Heydər Əliyevə müraciət etməsi partiyanın yaradılmasının əsasını qoydu. Bundan sonra bir təşkilat komitəsi yaradılmış və 1992-ci ilin noyabrında YAP-ın təsis konfransı üçün hazırlıqlar görülmüşdür.Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il 21 noyabrda Naxçıvan şəhərində, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrının binasında keçirilmişdir. Konfransda Azərbaycanın müxtəlif regionlarından 500-dən çox nümayəndə iştirak etmişdir. Konfransın qərarı ilə Yeni Azərbaycan Partiyasının Proqramı və Nizamnaməsi qəbul edilmişdir. Eyni zamanda, partiyanın rəhbər orqanları formalaşdırılmış — siyasi Şura, İdarə Heyəti, sədrin müavinləri seçilmişdir. Ulu Öndər Heydər Əliyev konfransda yekdil səsvermə ilə YAP-ın Sədri seçilmişdir.
Yeni Azərbaycan Partiyasının təsisində qəbul olunan proqramda partiyanın qarşısında duran əsas prioritetlər - müstəqilliyin möhkəmləndirilməsi, ərazi bütövlüyü və Qarabağ probleminin həlli, sosial-iqtisadi islahatlar, hüquqi, demokratik dövlətin və sivilizasiyalı cəmiyyətin qurulması idi. 1992-ci il 21 noyabrda Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqilliyinin, siyasi plüralizmin və dövlət quruculuğunun yeni mərhələsinə keçid üçün vacib dönüş nöqtəsi oldu. YAP yalnız siyasi partiya olmaqla qalmadı, eyni zamanda müasir Azərbaycan dövlətinin formalaşmasında, sabitliyin təmin edilməsində və iqtisadi-sosial inkişafda aparıcı rol oynayan güclü qurum halına gəldi.
Prezident İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra, 2005-ci il martın 26-da Yeni Azərbaycan Partiyasının III qurultayında partiyanın sədri seçilmişdir. Bu dəyişiklik partiyanın “iqtidar partiyası” statusunu daha da möhkəmləndirdi və dövlət strukturları ilə YAP arasında daha sıx inteqrasiyaya gətirib çıxardı".Deputat eyni zamanda qeyd edib ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının həyatında mühüm rol oynayaraq, partiyanı ölkənin siyasi sisteminin əsas sütunlarından birinə çevirmişdir: "Onun rəhbərliyi altında partiya Ümummilli Lider Heydər Əliyevin siyasi irsini layiqincə davam etdirərək Azərbaycanın inkişafı və sabitliyi üçün strateji əhəmiyyətli addımlar atmışdır. İlham Əliyev, YAP-ın sədri olaraq, partiyanın fəaliyyətinə müasir yanaşmalar gətirmiş, onu xalqın maraqlarına uyğun daha genişmiqyaslı təşəbbüslər həyata keçirən bir təşkilata çevirmişdir. İlham Əliyev YAP-ın beynəlxalq səviyyədə də nüfuzunun artmasına töhfə vermişdir. Onun irəli sürdüyü təşəbbüslər partiyanın Azərbaycan cəmiyyətinin inkişafı ilə yanaşı, ölkənin beynəlxalq arenada mövqeyinin güclənməsinə də xidmət etmişdir.Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının həyatındakı rolu və xalqın ona etimadı 2024-cü il fevralın 9-da keçirilmiş prezident seçkilərində bir daha təsdiqləndi. Bu seçkilər, Azərbaycan xalqının onun liderliyinə və ölkənin gələcək inkişafına olan etimadının bariz ifadəsi oldu. İlham Əliyev, xalqın böyük dəstəyi ilə yenidən prezident seçilərək Azərbaycanın siyasi sabitliyi və davamlı inkişafı üçün liderlik missiyasını davam etdirməyə hazır olduğunu nümayiş etdirdi.
2024-cü il sentyabrın 1-də keçirilən yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası parlaq qələbəyə imza ataraq parlamentdə 68 millət vəkili ilə təmsil olunmaq hüququ qazanmışdır. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası qələbə qazanaraq yerli özünüidarəetmə orqanlarında yerlərin böyük əksəriyyətini əldə etmişdir.Partiya dövlət siyasətini dəstəkləyən, onu təbliğ edən və 1992-ci ildən bugünədək dəyişməz amallarla fəaliyyətini davam etdirir. İlham Əliyev prezidentliyi dövründə iqtisadi inkişaf modeli üzərində ciddi iş aparıb, neft gəlirlərinin iqtisadiyyatın sabitləşməsi və sosial proqramlara yönəldilməsi, həmçinin Regionların sosial-iqtisadi inkişafı YAP-ın strateji prioriteti olub. 2025-ci ildə təqdim etdiyi milli inkişaf strategiyası (“strateji konsepsiya”) da həmin xəttin daha da inkişaf etdirilməsi istiqamətində mühüm rol oynayır.Partiyanın 14 strateji hədəfi var: “Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, “Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət”, “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış”.Bu gün YAP ölkədə ən geniş təşkilati şəbəkəyə malik siyasi qüvvə kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrinin davam etdirilməsi, modernləşmə siyasətinin aparılması və Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarmaq missiyasını davam etdirir".
Müəllif: Günel Fərzəliyeva