Bu gün Ağdam Şəhəri Günü qeyd olunur. Bu gün təkcə bir şəhərin deyil, bütöv bir xalqın yaddaşında dərin iz buraxmış hadisələrin, ümummilli iradənin və müzəffər qələbənin təcəssümüdür. Ağdam Azərbaycan tarixində həm faciənin, həm də möhtəşəm dirçəlişin simvoluna çevrilmiş unikal bir məkandır.1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam şəhəri və onun rayon ərazisi ağır dağıntılara məruz qaldı. Min illik tarixə malik diyarın mədəni irsi, yaşayış məhəllələri, sənaye və sosial infrastrukturu sistemli şəkildə məhv edildi.
Ağdamın simvolu sayılan Cümə Məscidi, tarixi abidələr, muzeylər, qəbiristanlıqlar, kənd təsərrüfatı infrastrukturu və yaşayış binaları talan edildi. Dünyada “Qafqazın Xirosiması” adı ilə tanınması bu dağıntıların miqyasını əks etdirirdi. On minlərlə ağdamlı öz doğma yurdlarından didərgin düşdü və Ağdam uzun illər boyu xəritələrdə “boş şəhər” kimi qaldı.2020-ci ilin 10 noyabrında Azərbaycanın qətiyyətli qələbəsi ilə nəticələnən Vətən müharibəsindən sonra Ağdam rayonu işğaldan azad olundu. Ağdamın bir güllə belə atılmadan diplomatik razılaşma əsasında qaytarılması, ordumuzun gücü və dövlətimizin siyasi iradəsinin real təzahürü idi.Ulu Öndər Heydər Əliyevin “Ağdam mənim qəlbimdə xüsusi yer tutur” sözləri bu torpağın xalq üçün əhəmiyyətini göstərirdisə, Prezident İlham Əliyevin “Biz Ağdamı yenidən quracağıq, onu əvvəlkindən də gözəl edəcəyik” bəyanatı yeni mərhələnin ideoloji əsasını qoydu.Ağdam işğaldan azad olunduqdan sonra şəhərdə geniş bərpa və yenidənqurma işlərinə start verildi. İlk mərhələdə mina təmizlənməsi və təhlükəsizliyin təmin edilməsi həyata keçirildi. Ardınca konseptual əsaslarla "Ağdam şəhərinin Baş Planı" təsdiqləndi. Bu gün Ağdam təkcə yenidən qurulan bir şəhər deyil, bütün Azərbaycan üçün qələbənin davam edən hekayəsidir. İllərlə dağıdılmış bir diyarın qısa zamanda dirçəlməsi dövlətimizin gücünü, xalqımızın iradəsini və ağdamlıların doğma torpağa bağlılığını bir daha nümayiş etdirir.Ağdam Şəhəri Günü həm keçmişin yad edilməsi, həm də gələcəyin qurulmasına verilən dəyərin rəmzidir. Qarşıdakı illərdə bu qədim şəhər tamamilə yenilənmiş, müasir, yaşıl və ağıllı şəhər modelinə çevriləcək.Ağdam bu gün yeni həyatına qədəm qoyur. İşğalın acısı, azadlığın sevincı və quruculuğun ruhu bir yerdə bu şəhəri Azərbaycanın ən parlaq inkişaf simvollarından birinə çevirir.
Abil Ağasəfov,
YAP Qəbələ Rayon Təşkilatının sədri