Tarixin yaddaşı vardır, bəzən səssiz, bəzən gurultulu, lakin həmişə ədalətli. 1990-cı illərin çətin günlərində Azərbaycan xalqının qarşısında bir seçim dayanırdı: ya xaosun, qeyri-müəyyənliyin dalğaları içində itib-batmaq, ya da dövlətçilik ideyası ətrafında bir yumruq kimi birləşib gələcəyə doğru əmin addımlarla irəliləmək. Məhz belə bir məqamda Yeni Azərbaycan Partiyası xalqın içindən doğan çağırışın, ümumxalq istəyinin cavabı oldu.
1992-ci ilin soyuq noyabr günündə Naxçıvanda, tarixin çox zaman sığınacaq kimi seçdiyi bu qədim yurd yerində, dahi şəxsiyyət Heydər Əliyevin liderliyi ilə bir partiya deyil, əslində bir məfkurə, bir dövlətçilik məktəbi yarandı. O məktəb ki, sonrakı onilliklərdə Azərbaycanı müstəqillikdən möhkəm dövlətçiliyə, söz sahibinə çevirdi.
Bu gün 33 il keçir. Zaman dəyişib, nəsillər yenilənib, amma YAP-ın daşıdığı ideyalar öz qüvvəsini itirməyib. Əksinə, bu ideyalar zamanın sınaqlarından daha da möhkəmlənərək çıxıb. Çünki partiyanın əsasında təkcə siyasi proqram yox, həm də milli düşüncə, dövlətinə və xalqına sonsuz sevgi dayanır.
Yeni Azərbaycan Partiyası bu otuz üç il ərzində ölkənin taleyüklü dövrlərinin hər birində dövlətçilik naminə, milli mənafe naminə əzmlə çalışdı. Azərbaycan çağdaş inkişaf mərhələlərinə qədəm qoyduqca YAP da özünü yenilədi, cavanlaşdı, müasir çağın tələblərinə uyğunlaşdı. Bu gün partiya artıq təkcə siyasi təşkilat deyil, Azərbaycanın düşünən beyni, çağdaş modeli, sabahın strateji xəritəsidir. Heydər Əliyevin əsasını qoyduğu bu yol bu gün Ümummilli Liderin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər səhifələr yazır. Qarabağın, Şərqi Zəngəzurun azadlığı, dövlətimizin yüksəlişi, Azərbaycanın dünya miqyasında mühüm güc mərkəzinə çevrilməsi bütün bunlar YAP-ın dövlətçiliyə bağlılığının, xalqdan güc alan siyasi iradəsinin nəticəsidir.
YAP-ın 33-cü ildönümü təkcə bir tarix deyil, xalqın seçiminin, dövlətçiliyin iradəsinin, Azərbaycançılıq məfkurəsinin bayramıdır. Bu bayram tarixin yaddaşındakı şərəfli səhifələrin davamı, gələcəyin böyük hədəflərinə aparan yolun daha bir möhkəm addımıdır.
Əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyasının yolu Azərbaycanın müstəqillik yolu, inkişaf yolu, sabaha inam yoludur. Və bu yol hələ uzun illər boyu xalqla birlikdə yeni-yeni zəfərlər yaşayacaq.
Samirə Zeynalova
YAP Tərtər rayon təşkilatının mühasibi