Azərbaycanın müasir siyasi tarixində xüsusi çəkisi olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranması yalnız bir partiyanın təsis edilməsi ilə məhdudlaşmır, həm də müstəqilliyin qorunması və milli dövlətçiliyin bərpası istiqamətində atılmış strateji addım kimi qiymətləndirilir. 1990-cı illərin əvvəllərində ölkənin üzləşdiyi ağır vəziyyət – idarəetmədə xaos, iqtisadi çöküş təhlükəsi və davam edən Ermənistan təcavüzü – cəmiyyətin taleyüklü qərar verməsini zəruri etmişdi. Elə məhz belə bir zamanda Azərbaycan ziyalılarının Heydər Əliyevə ünvanladığı müraciət milli iradənin təzahürü olmaqla yanaşı, yeni siyasi mərhələnin başlanmasına yol açdı. YAP-ın təsis edilməsi xalqın parçalanmaqda olan ümidlərini dirçəltməklə ölkə üçün xilasedici tribunaya çevrildi.
Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilən təsis konfransı yalnız təşkilati qərarların qəbul edildiyi iclas deyildi; bu, müstəqil Azərbaycan dövlətinin gələcək yönünü müəyyən edən tarixi akt idi. Ümummmilli Lider Heydər Əliyevin partiyanın sədri seçilməsi, Nizamnamə və Proqramın qəbulu, siyasi rəhbərliyin formalaşdırılması YAP-ı qısa zamanda geniş sosial bazaya malik milli hərəkat qüvvəsinə çevirdi. Həmin dövrdə siyasi səhnədə hökm sürən pərakəndəlik fonunda YAP-ın ortaya çıxardığı milli həmrəylik modeli ölkənin dövlətçilik dayaqlarını möhkəmləndirdi və siyasi sistemin formalaşmasına təkan verdi. Partiyanın əsas missiyası isə müstəqilliyin qorunması, sabitliyin bərpası və gələcək inkişaf üçün ideoloji zəmin yaratmaq idi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun əsas istiqamətləri 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə daha güclü və sistemli formada davam etdirildi.Prezident İlham Əliyevin rəhbərliyi dövründə YAP həm institusional olaraq modernləşdi, həm də ölkənin strateji inkişaf xəritəsinin icrasında aparıcı siyasi qüvvəyə çevrildi. Qlobal çağırışlara uyğun siyasi xəttin müəyyən edilməsi, demokratik institutların möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi partiyanın müasir dövlətçilik fəlsəfəsini daha da gücləndirdi. 2021-ci ildə keçirilən VII qurultayda qəbul edilən struktur dəyişikliyi və Mehriban xanım Əliyevanın sədrin birinci müavini təyin olunması YAP-ın yenilənmə strategiyasının mühüm mərhələsi oldu.
Yeni Azərbaycan Partiyasının müasir siyasi sistemdəki rolu təkcə hakim partiya funksiyası ilə məhdudlaşmır; o, həm də milli həmrəyliyi təmin edən, cəmiyyətin bütün təbəqələrini əhatə edən böyük təşkilati platformadır. 700 mindən çox üzvü ilə YAP bu gün Cənubi Qafqazın ən geniş siyasi təsisatlarından biridir. Partiyanın siyasi dialoqa açıq mövqeyi, dövlət-millət münasibətlərinin harmoniyasını təmin edən “iqtidar–xalq” modeli ölkədə sabitliyin və inkişafın davamlılığını şərtləndirir. Xüsusilə azad edilmiş torpaqlara Böyük Qayıdış proqramının reallaşdırılmasında və yeni regional təhlükəsizlik arxitekturasının qurulmasında YAP-ın siyasi iradəsi mühüm rol oynayır.
Son illərin seçki nəticələri isə Yeni Azərbaycan Partiyasına olan etimadın sabit və qətiyyətli xarakter daşıdığını bir daha təsdiqləyir. 2024-cü il prezident seçkilərində cənab İlham Əliyevin böyük səs fərqi ilə qalib gəlməsi, parlament və bələdiyyə seçkilərində YAP-ın əldə etdiyi üstün nəticələr partiyanın hələ də ölkənin əsas siyasi dayağı olduğunu göstərir. Bütün bu nailiyyətlər YAP-ın yalnız keçmişin mübarizə tarixinin deyil, həm də gələcəyin modern Azərbaycan modelinin daşıyıcısı olduğunu sübut edir. Bu gün Yeni Azərbaycan Partiyası öz tarixi missiyasını milli dövlətçilik ideallarına sadiq olaraq davam etdirir və müstəqil Azərbaycanın inkişaf salnaməsini yeni uğurlarla zənginləşdirir.
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri