Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın ən ağır və çətin günlərində milli iradənin, siyasi cəsarətin və dövlətçilik məsuliyyətinin təcəssümü oldu. 1992-ci il 21 noyabr tarixində keçirilmiş təsis konfransı ölkənin dağınıq siyasi mənzərəsi fonunda xalqın liderə və sabitliyə olan böyük ehtiyacının cavabı idi. Ziyalıların təşəbbüsü ilə formalaşan və “91-lər”in müraciəti kimi tarixi sənədə çevrilən çağırış xalqın ümumi iradəsini ifadə edir, Ulu Öndər Heydər Əliyevin siyasi liderliyinə ehtiyacın zəruriliyini ortaya qoyurdu. Ulu Öndərin həmin müraciətə cavabı isə müstəqil dövlətçiliyin gələcək istiqamətlərini müəyyənləşdirən strateji mövqeyin ifadəsi kimi tarixə düşdü. Naxçıvanda təşkil olunan təsis konfransı partiyanın Nizamnamə və Proqramının qəbul edilməsinə, Heydər Əliyevin yekdilliklə YAP sədri seçilməsinə səbəb oldu və bununla da müasir Azərbaycan siyasətində yeni dövr başlandı.
Yeni Azərbaycan Partiyası qısa müddətdə cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilərək ölkədə sabitlik, dövlətçilik düşüncəsi və demokratik siyasi mədəniyyətin formalaşmasında həlledici rol oynadı. Ulu Öndər Heydər Əliyev partiyanı “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi və YAP-ın dövlət idarəçiliyində daşıdığı missiyanı dəqiq şəkildə müəyyənləşdirdi. 2005-ci ildə Prezident İlham Əliyevin YAP sədri seçilməsi ilə partiyanın inkişafında yeni mərhələ başlandı. Bu dövrdə həyata keçirilən islahatlar, ölkənin iqtisadi, sosial və siyasi sahələrdə əldə etdiyi davamlı yüksəliş, eləcə də 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Qələbəsi YAP-ın milli birliyin siyasi dayağı olduğunu bir daha təsdiqlədi.
Partiyanın yeni mərhələdə Nizamnamə və Proqram əsasında yenilənən yanaşması, müasir dövrün çağırışlarına uyğunlaşdırılmış fəaliyyət prinsipləri və dövlət idarəçiliyinin bütün sahələrinə yönəlik strateji hədəfləri YAP-ın ölkənin siyasi həyatında rolunu daha da gücləndirdi. Yeni proqramda əks olunan milli dəyərlər, demokratik ənənələr, sosial ədalət, milli həmrəylik və dövlətçilik ideologiyası partiyanın xəttini müəyyən edən fundamental prinsiplər kimi çıxış edir. YAP bu gün də ölkədə siyasi dialoqun genişləndirilməsinə, sağlam rəqabət mühitinin formalaşmasına, vətəndaşlarla hakimiyyət arasında açıq münasibətlərin güclənməsinə mühüm töhfələr verir. Azərbaycan diplomatiyasının qlobal müstəvidə artan nüfuzu, strateji tərəfdaşlıqların güclənməsi və milli maraqlara söykənən siyasət də YAP-ın irəli sürdüyü konseptual xəttin uğurlu nəticələrindəndir.
Son illərdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının qazandığı yüksək nəticələr xalqın partiyaya olan etimadının dəyişməzliyini göstərir. 2024-cü il prezident seçkisində seçicilərin 92,12 faizinin səsini qazanmaq, parlamentdə geniş təmsilçilik əldə etmək və bələdiyyə seçkilərində üstün nəticə göstərmək partiyanın Azərbaycan xalqı ilə həmrəyliyinin ən dolğun ifadəsidir. Üç onillikdən artıq müddətdə YAP dövlətçiliyimizin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi yüksəlişin təmin edilməsi və cəmiyyətin inkişafında aparıcı rol oynamışdır.
Bu gün Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyev ideyalarının daşıyıcısı və Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir, güclü, suveren Azərbaycanın qurucusu kimi öz missiyasını uğurla yerinə yetirir. Dövlətçilik yolunda məqsədyönlü siyasət, milli həmrəyliyin qorunması və gələcəyə inam YAP-ı ölkənin siyasi həyatında əvəzolunmaz qüvvə kimi təqdim edir. Partiyanın keçdiyi yol, bu gün ölkə həyatında oynadığı rol və qarşıya qoyduğu strateji hədəflər bir daha sübut edir ki, YAP Azərbaycanı yeni zirvələrə aparan əsas siyasi dayaqdır.
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini