Azərbaycan xalqının dövlətçilik salnaməsində mühüm yer tutan ictimai-siyasi hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasıdır. XX əsrin sonlarında mürəkkəb və təhlükəli geosiyasi proseslərin fonunda müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasında siyasi idarəçilikdə, iqtisadiyyatda, təhlükəsizlik müstəvisində dərin böhran yaşanırdı. Ölkədə vətəndaş qarşıdurması, separatizm meyilləri, idarəetmədə sistemsizlik və iqtisadi tənəzzül Azərbaycan dövlətinin məhv olmaq təhlükəsini real şəkildə gündəmə gətirmişdi.
Belə ağır və taleyüklü bir dövrdə xalqın xilası üçün düzgün yolun müəyyənləşdirilməsi, güclü liderə ehtiyacın yaranması tariximizin dönüş nöqtəsinə çevrildi. Məhz bu zərurətdən 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis olundu və Azərbaycanın taleyində yeni mərhələnin başlanğıcını qoydu.
1990-cı illərin əvvəllərində ölkədə siyasi idarəetmədə pərakəndəlik, ordu quruculuğunda xaos, sosial-iqtisadi böhran, milli birliyin dağılması, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaq itkisi kimi kəskin problemlər mövcud idi. Xalqın müxtəlif təbəqələrinin nümayəndələri ölkəni bu ağır vəziyyətdən çıxara biləcək yeganə şəxs kimi Ümummilli Lider Heydər Əliyevi görürdülər. Onun liderliyi altında formalaşan Yeni Azərbaycan Partiyası ölkənin xilası üçün siyasi təşkilatlanmanın ən vacib platformasına çevrildi.
YAP-ın yaranması ilə Azərbaycan siyasi sistemində tamamilə yeni ideoloji xətt formalaşdı. 1993-cü ildə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə bu ideyalar real dövlət siyasətinə çevrildi. Ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, idarəetmə sistemi yenidən quruldu, dövlət qurumları formalaşdırıldı, iqtisadi islahatlara start verildi və Azərbaycanın gələcək inkişaf strategiyası müəyyənləşdirildi.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. YAP ölkənin siyasi sistemində aparıcı qüvvə olmaqla müasir dövlət quruculuğu, iqtisadi modernizasiya, ordu quruculuğu, sosial sahədə genişmiqyaslı islahatlar, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi istiqamətlərində mühüm rol oynayır.
2020-ci il Vətən müharibəsində əldə olunan Qələbə, ərazi bütövlüyünün və suverenliyin tam bərpası, ölkənin regional və qlobal miqyasda artan nüfuzu, iqtisadi gücün yüksəlməsi YAP-ın rəhbərliyi altında həyata keçirilən strategiyanın uğurlu nəticəsidir.
Bu gün Yeni Azərbaycan Partiyası geniş təşkilatlanma şəbəkəsi, gənclərin siyasi proseslərə fəal cəlb olunması, dövlət idarəçiliyində peşəkar komanda formalaşdırılması, ideoloji xəttin zamanın tələblərinə uyğun modernləşdirilməsi ilə ölkənin siyasi həyatında aparıcı rolu daha da möhkəmləndirir.
33 il ərzində partiya yalnız bir siyasi təşkilat kimi deyil, həm də Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biri kimi formalaşıb. YAP-ın ideologiyası milli maraqlara söykənən, real nəticələrə əsaslanan, strateji viziona malik inkişaf modelidir.
Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü yalnız bir siyasi təşkilatın fəaliyyəti ilə bağlı tarix deyil, həm də Azərbaycan dövlətinin sabitliyi, inkişafı, güclənməsi və milli birliyinin təcəssümüdür. Bu tarix Azərbaycanın müstəqil dövlətçilik yolunun mühüm mərhələsi, milli liderlik iradəsinin və siyasi uzaqgörənliyin parlaq təzahürüdür.
YAP-ın keçdiyi 33 illik yol göstərir ki, bu partiya Azərbaycanın gələcək inkişafına, sabitliyinə və tərəqqisinə xidmət edən başlıca siyasi qüvvə olaraq fəaliyyətini uğurla davam etdirməkdədir.
Elnur Qəhrəmanov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı