PDF Oxu

Siyasət

  • 942

Kəlbəcərə həyat qayıdır

image

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq 25 noyabr Kəlbəcər Şəhəri Günüdür.2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin ərazilərimizi müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandanın “İrəli!” əmri Azərbaycan Ordusunun döyüş ruhunu artırdı.

Torpaqlarımızı işğaldan azad etmək, bu ərazilərdə Azərbaycan Bayrağını ucaltmaq arzusunun reallığa çevrilməsi üçün Azərbaycan əsgəri böyük qəhrəmanlıq və şücaət göstərdi. Cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq. Tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 10 noyabr 2020-ci idə Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı Bəyanat hərbi-siyasi Qələbəmizin dünyaya təqdimatı oldu. Bu sənəddə yer alan öhdəliklərdən biri Ermənistan tərəfindən Kəlbəcərin, Ağdamın və Laçının boşaldılması idi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi zəfəri siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində bu üç rayon qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı.Məlum olduğu kimi, ərazilərimizin boşaldılması qrafik üzrə həyata keçirildi. Bəyanatda qeyd edilən şərtlərə əsasən, Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında 10 gün əlavə vaxt verildi. 2020-ci il noyabrın 25-də erməni silahlı birləşmələri və orada qeyri-qanuni məskunlaşdırılan əhali Kəlbəcəri boşaltdı. Ermənilər bu mərhələdə də vəhşiliklərini dünyaya nümayiş etdirdilər. Azərbaycan dövlətinin humanistliyinin qarşısında onların törətdikləri vandallıq dünyanın gözü qarşısında baş verdi. Evləri yandırdılar, ekoloji terror törətdilər. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunun işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində bütün bu məqamları diqqətə çatdırmışdır. “Kəlbəcər rayonunda böyük meşə əraziləri vardır. Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Bu, böyük sərvətimizdir. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik” söyləyən cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki, biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq.

Artıq beş ildir işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcər də həyatının yeni dövrünü yaşayır. Tezliklə Böyük Qayıdış Proqramı əsasında bütün işlər uğurla başa çatacaq, soydaşlarımız dogma yurd-yuvalarına tam şəkildə qayıdaraq bu ərazilərimizə yeni nəfəs verəcəklər. Hər bir rayonun malik olduğu resurslardan səmərəli istifadə etməklə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın dayanıqlı inkişafına böyük töhfələr veriləcək. Bərpa-quruculuq işləri geniş miqyası ilə diqqətdədir. Yol infrastrukturunun bərpası və yenilənməsi əsas hədəflərdən biridir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisini xüsusi qeyd etmək istərdik. Yolun uzunluğu 82 kilometrdir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Bu yolun 56 kilometrini Toğanalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil edir. Ümumilikdə Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin 87 faizi tamamlanıb. Yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışı olmuşdur. Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir. Belə ki, uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birincidir. Tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Bölgənin enerji ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi üçün mühüm addımlar atılır. Kəlbəcər rayonunun ərazisində Tərtər çayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub. Kəlbəcər rayonunda 8,6 meqavatlıq “Aşağı Vəng”, 8,8 meqavatlıq “Nadirxanlı” və 5 meqavatlıq “Çaykənd” kiçik su elektrik stansiyaları tikilib.
Təbii ki, görülən işlər bunlarla bitmir. Kəlbəcər şəhərinin Baş planı əsasında şəhər və kəndlər müasir dövrün çağırışları əsasında yenidən qurulur. Bircə faktı qeyd etmək kifayətdir ki, Kəlbəcər şəhəri dogma sakinlərinə qovuşub. Bu, görülən işlərin aydın mənzərəsini yaradır. Bu vaxta qədər Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb. Dövlət başçısı İlham Əliyevin bu ilin avqustunda Kəlbəcər şəhərinə səfəri zamanı buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim etmişdir. Müzəffər Ali Baş Komandan həmin mərasimdə bir daha bu çağırışı etmişdir ki, bizim işimiz quruculuqdur.

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri

Digər xəbərlər