PDF Oxu

Siyasət

  • 1 316

Kəlbəcər şəhəri günü: Yenidənqurma və Böyük qayıdış

image

1993-cü ilin 2 aprel tarixində Ermənistanın silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdi. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilib. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.
Vətən müharibəsinin ilk günlərində döyüşlər zamanı Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdi. Məhz Kəlbəcər kimi strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verirdi. Beləliklə də 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, kapitulyasiya etmiş Ermənistan götürdüyü öhdəliyə əsasən noyabrın 25-də Kəlbəcərdən silahlılarını çıxardı və rayonu Azərbaycana təhvil verdi. Bununla da, Azərbaycan xalqı beynəlxalq qanunların aliliyini, tarixi ədaləti bərpa etdi və müzəffər Ali Baş Komandan İlham Əliyevin praqmatik siyasəti nəticəsində Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da isə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi və müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu.
2021-ci il avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında oldular. “Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə. Ömər aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir. Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq. Amma hələlik biz bu yoldan istifadə edirik və bu gözəl mənzərələr də göz oxşayır. Kəlbəcərin mənzərələri indi daha da gözəldir. İndi yolumuza davam edirik. Bu aşırımın hündür hissəsində dayanaraq bir daha Azərbaycan xalqını tarixi Zəfər münasibətilə təbrik etmək istəyirəm” söyləyən cənab İlham Əliyev onu da vurğulamışdır ki, müharibədən sonra Kəlbəcərə ilk səfərimdir. Bir neçə tədbir nəzərdə tutulur. Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start veriləcək.
Həmin vaxtdən Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq start verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edilmişdir. Şəhərin işğala qədərki son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq. Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq. Şəhərin ümumi yaşayış fondu 488 min kv.m təşkil edəcək ki, bunun da böyük hissəsi fərdi yaşayış evlərinin, 46 min kv.m-i isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə təmin olunması nəzərdə tutulub. Şəhərdə həmçinin 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, 1 reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır. Plana əsasən, şəhər ərazisinin 22 faizi yaşıllıqlardan ibarət olacaq. Yəni 60 ha sahədə fərqli yaş və sosial qruplar üçün yaşıllıq zolaqları yaradılacaq. Beləliklə, ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 kv.m nəzərdə tutulduğu halda, Kəlbəcər şəhərində bu göstərici 33 kv.m təşkil edəcək. Baş Plana uyğun olaraq, şəhərin yol infrastrukturu da müasir standartlar tətbiq edilməklə qurulacaq. Əhali uzunluğu 27 km-dən artıq olan avtomobil, 22 km olan velosiped yollarından rahat şəkildə istifadə edə biləcək. Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi 19,5 hektar ərazidə layihələndirilib. Birinci mərhələdə buraya 201 ailə köçürülür. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır. Kompleksdə, həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. Bu evlərin hər biri üçotaqlıdır. İkinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Prezident İlham Əliyev 2025-ci avqustun 21-də Kəlbəcərə səfəri zamanı buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim edib. Bu vaxta qədər Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb.
Azad Kəlbəcərdə son beş ildə görülən işlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən sonra bu torpağa ilk səfəri zamanı etdiyi “Bu da gözəl Kəlbəcər dağları, hər tərəf dağ, çay, meşə, cənnətməkan. Cənnətə də çevriləcəkdir” çağırışının reallıqda təsdiqidir.

Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri

Digər xəbərlər