PDF Oxu

Siyasət

  • 472

Kəlbəcər Şəhəri Günü: qədim türk yurdunun böyük qayıdışı ŞƏRH

image

Azərbaycanın dövlətçilik tarixində əlamətdar günlər sırasında xüsusi yer tutan 25 noyabr – Kəlbəcər şəhəri günü, işğaldan azad edilmiş torpaqlarımızın dirçəlişini, tarixi ədalətin bərpasını və Azərbaycan dövlətinin siyasi, diplomatik, hərbi iradəsinin qələbəsini təcəssüm etdirən mühüm tarixi hadisədir. Bu gün təkcə Kəlbəcərin azad edilməsini deyil, həm də ölkəmizin milli gücünün, strateji planlamasının, xalq-iqtidar birliyinin nəticəsini ifadə edir. Kəlbəcər həm tarixi, həm mədəni, həm də təbii-coğrafi baxımdan Azərbaycanın ən dəyərli bölgələrindən biri olmaqla, qədim türklüyün, mədəni irsin və strateji yüksəkliklərin məkanıdır.

Kəlbəcər rayonunun tarixi minilliklərlə ölçülür və burada aparılmış arxeoloji tədqiqatlar ərazinin ən qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. “Kəlbəcər” toponimi qədim türk dillərində “çay üstündə qala” mənasında işlənmişdir ki, bu da bölgənin strateji-coğrafi xüsusiyyətlərinə tam uyğundur. Tərtər çayı boyunca düzülmüş süni mağaralar, 30 min ildən artıq yaşı olan yaşayış izləri, 6 min il yaşı olan qayaüstü təsvirlər və qədim türk əlifbasının nümunələri bu ərazilərin qədim türklərin məskəni olduğunu göstərir.

Tarixi dövrlər boyunca Kəlbəcərin daş abidələri atəşpərəstlikdən tutmuş xristianlıq və İslam mədəniyyətinə qədər müxtəlif mədəni qatların təzahürü olmuşdur. Bu faktlar Kəlbəcərin Azərbaycanın qədim mədəniyyət xəritəsində xüsusi yerini təsdiq edir. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur: Camışdağ zirvəsi (3724 m) və Dəlidağ (3616 m) kimi yüksəkliklər bu torpağın təbiətini daha da unikal edir. Rayonun qərbdən Ermənistanla, digər istiqamətlərdən isə Azərbaycanın bölgələri ilə həmsərhəd olması onu strateji əhəmiyyətli məkana çevirir. Ərazinin böyük hissəsinin meşəlik olması, zəngin su ehtiyatları, təbii çaylar, yüksək dağ iqlimi və təbii mineral suları Kəlbəcərin həm ekoloji, həm də iqtisadi potensialını formalaşdıran əsas amillərdir. Bu xüsusiyyətlər regionu həm müdafiə, həm turizm, həm də enerji baxımından strateji dəyərli edir.

1930-cu ildən inzibati rayon statusu almış Kəlbəcər 1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. İşğal zamanı 511 dinc sakin qətlə yetirildi, 321 nəfər əsir və itkin düşdü, Rayonun 53 min nəfərdən çox əhalisi didərgin salındı. İşğal nəticəsində Kəlbəcərdə yerləşən 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana və onlarla digər sosial obyekt tamamilə dağıdılmış və talan edilmişdir.

Ermənistan həmçinin bölgədə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirmiş, bu isə beynəlxalq hüququn kobud şəkildə pozulması idi. BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsində Kəlbəcərin qeyd-şərtsiz azad edilməsi tələb olunsa da, Ermənistan buna məhəl qoymamışdır.

2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Kəlbəcərin şimal hissəsində mühüm strateji yüksəklikləri işğaldan azad edərək Ermənistanın Basarkeçər–Kəlbəcər istiqamətində hərəkət imkanlarını məhdudlaşdırmışdır. Prezident cənab İlham Əliyevin sözləri ilə desək, “Strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq.” Bununla düşmən hərbi baxımdan tam həllolunmaz vəziyyətə salınmış, nəticədə Üçtərəfli Bəyanata əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər döyüşsüz Azərbaycana qaytarıldı. Bu, Azərbaycanın siyasi-hərbi gücünün parlaq təzahürü idi.

Erməni sakinlərin bölgəni boşaldarkən evləri, bağları yandırması, infrastrukturun qəsdən məhv edilməsi bir daha erməni vandalizminin mahiyyətini göstərdi. Beynəlxalq hüquqa əsasən, işğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması hərbi cinayət hesab olunur. Kəlbəcərdə baş verənlər isə bu cinayətlərin ən bariz nümunələridir.

2023-cü il 31 iyul tarixli Sərəncama əsasən,25 noyabr Kəlbəcər şəhəri günü elan edilmişdir. Bu, bölgənin yenidənqurulma prosesinin dövlət səviyyəsində önəmini vurğulayan mühüm qərardır. 2024-cü il 1 may tarixində təsdiqlənmiş Baş Plan şəhərin inkişafının müasir urbanizasiya prinsiplərinə uyğun qurulmasını nəzərdə tutur: ri, əhalinin sayı 7 500-dən 17 000 nəfərə yüksələcək. Yaşayış fondu 488 min m² təşkil edəcək, 4 məktəb, 4 bağça, xəstəxanalar və sosial obyektlər inşa ediləcək, şəhərin 22%-i yaşıllıqlardan ibarət olacaq.Velosiped və avtomobil yolları müasir standartlara uyğun qurulacaq.

Bu plan Kəlbəcərin gələcəkdə regionun ən inkişaf etmiş şəhərlərindən birinə çevriləcəyinə zəmin yaradır. Kəlbəcərdə 524 ailəlik yaşayış kompleksinin birinci mərhələsi artıq istifadəyə verilib, 201 ailə məskunlaşdırılıb. “Townhouse” tipli evlər, çoxmənzilli binalar, parklar, sosial obyektlər sakinlər üçün müasir yaşayış standartları təqdim edir. Aşağıdakı kənd və məhəllələr üzrə genişmiqyaslı layihələr davam edir: Yanşaq kəndi – 218 ailəlik, Zallar kəndi – 487 ailəlik, Zar kəndi – 855 ailəlik..

Hər üç yaşayış məntəqəsində məktəblər, bağçalar, sosial obyektlər və fərdi evlər tikilir. Bu kəndlərin hər biri gələcəkdə nümunəvi “ağıllı kənd” modelinə uyğun salınacaqdır. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu- 82 km-lik bu yol Kəlbəcərin ölkənin digər bölgələri ilə əlaqəsini təmin edən strateji layihədir: 5 tunelin ümumi uzunluğu 25,9 km-dir; Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir; Tikintinin 87%-i tamamlanıb.Kəlbəcər enerji potensialı böyük olan bölgələrdəndir. Burada:

“Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Aşağı Vəng”, “Nadirxanlı”, “Çaykənd” KSES-ləri yenidən qurulub; Meydan çayı üzərində yeni stansiyalar istifadəyə verilib. Bu stansiyalar rayonun enerji təminatını müasir səviyyəyə qaldırır və regional enerji təhlükəsizliyinə mühüm töhfə verir. Kəlbəcərin ən məşhur sərvətlərindən biri İstisu mineral suyudur. 2021–2025-ci illərdə Prezident cənab İlham Əliyevin Kəlbəcərə etdiyi çoxsaylı səfərlər bölgənin yenidən qurulmasının dövlət siyasətinin prioritet istiqaməti olduğunu təsdiqləyir. Hər bir səfər çərçivəsində yeni layihələrin təməlqoyulması, açılış mərasimləri və yerlərdə görülən işlərə nəzarət həyata keçirilmişdir. Bu səfərlər Kəlbəcərin dirçəlişinin birbaşa dövlət başçısının nəzarətində olduğunu göstərir.

25 noyabr – Kəlbəcər şəhəri günü yalnız bir rayonun deyil, bütövlükdə Azərbaycanın qələbə tarixinin simvoludur. İşğala məruz qalmış bir torpağın yenidən dirçəlişi xalqımızın iradəsini, dövlətimizin qüdrətini və Prezident İlham Əliyevin siyasi-hərbi liderliyinin nəticələrini təcəssüm etdirir.

Bu gün Kəlbəcər müasir şəhərsalmanın nümunəsi, enerji və turizm mərkəzi, milli irsin bərpa edildiyi məkandır.

Kəlbəcərin yenidən doğuşu Böyük Qayıdışın uğur strategiyasının ən təsirli nümunələrindən biridir və bu proses Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafına güclü töhfə verməkdə davam edir.

Adil Həmid

Digər xəbərlər