PDF Oxu

Siyasət

  • 657

Bölgədə infrastrukturun yenidən qurulması, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi

image

25 Noyabr Kəlbəcərin rəsmi şəhər günü kimi qeyd olunur və bu tarix qədim yurd yerimizin tarixi, mədəniyyəti, möhtəşəm təbiəti və yenidən qurulma yolunda olan bölgənin zəngin irsini anmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Kəlbəcər həm coğrafi mövqeyi, həm də təbii sərvətləri ilə Azərbaycanın ən unikal rayonlarından biridir. 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatından sonra Ermənistan ordusu Kəlbəcəri tərk etməyə məcbur oldu. Bu, Azərbaycan Ordusunun qətiyyəti, mövqelərinin gücü, yüksəkliklərdə qazandığı üstünlüyün nəticəsi idi. Ermənistan Kəlbəcəri döyüşmədən təhvil verməyə məcbur qaldı. Bu fakt Kəlbəcər istiqamətində aparılan əməliyyatların nə qədər effektiv olduğunu bir daha sübut edir. Kəlbəcərə nəzarət bütün Qarabağ ərazisinin təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan Ermənistanla sərhəd bölgələrində strateji mövqeləri bərpa etdi. Kəlbəcərin azad edilməsi Azərbaycanı bölgədə daha güclü hərbi-siyasi aktora çevirdi. Kəlbəcər rayonunun işğaldan azad olunması Azərbaycanın iqtisadi, strateji və sosial inkişafına yeni bir mərhələ açdı. İşğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Kəlbəcərdə də ilkin məqsədlərdən biri bölgənin infrastrukturunu tamamilə yenidən qurmaq, müasir standartlara uyğun bərpa etmək və regionu ölkənin iqtisadi sisteminə sürətli şəkildə inteqrasiya etmək oldu. Bu sahədə həyata keçirilən ən irimiqyaslı layihələrdən biri Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisidir. Bu yol həm strateji, həm iqtisadi, həm də turizm baxımından bölgənin gələcək inkişafının əsas sütunlarından biri sayılır. Ümumi 82 kilometr uzunluğa malik olan bu avtomobil yolu I, II və III texniki dərəcələrə uyğun olaraq inşa edilir və yolun müxtəlif hissələrində iki, üç və dörd hərəkət zolağı nəzərdə tutulub. Bu, yolun həm təhlükəsizliyini, həm də intensiv hərəkətə hazır olmasını təmin edən mühüm mühəndislik həllidir. Yolun 56 kilometrlik hissəsini Toğanalı–Kəlbəcər, 26 kilometrlik hissəsini isə Kəlbəcər–İstisu istiqaməti təşkil edir. Artıq tikintinin 87 faizi tamamlanıb. Bu göstərici layihənin böyük surətlə və yüksək mühəndis dəqiqliyi ilə həyata keçirildiyini göstərir. Yol şəbəkəsinin formalaşdırılması təkcə nəqliyyat əlaqələrini bərpa etmir, eyni zamanda Kəlbəcərin iqtisadi dirçəlişinə, turizm potensialının açılmasına və bölgədə yeni yaşayış məntəqələrinin formalaşmasına böyük imkan yaradır.

Layihənin ən mühüm və ən çətin mühəndislik hissələrindən biri yol üzərində tikilən 5 tuneldir. Bu tunellərin ümumi uzunluğu 25,9 kilometrdir, bu da Azərbaycanın tunel inşaatında yeni rekordlar deməkdir. Tunellər xüsusilə Murovdağ silsiləsinin mürəkkəb relyefi nəzərə alınaraq layihələndirilib. Qar, buzlanma, sərt dağ iqlimi və yüksək dağlıq ərazilər mühəndislik işlərini daha da çətinləşdirsə də, layihə uğurla həyata keçirilib.

Bu tunellər arasında ən böyük və mühüm olanı Murovdağ tunelidir. Yolun 13,5-ci kilometrliyində inşa edilmiş və 11,7 kilometr uzunluğa malik bu tunel bölgənin nəqliyyat tarixində əlamətdar hadisədir. Artıq tunelin texniki açılışı həyata keçirilib. Murovdağ tuneli yalnız Azərbaycan üçün deyil, dünya mühəndisliyi üçün də önəmli layihədir. Uzunluğuna görə bu tunel dünyanın 18-ci, Avropanın 5-ci, MDB ölkələrinin isə ən uzun avtomobil tunelidir. Tunelin 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması onun həm təhlükəsizliyi, həm də intensiv nəqliyyat hərəkətinə hazır olduğunu göstərir.

Bu yolun tikintisi bir neçə hədəfə xidmət edir. İlk növbədə, Kəlbəcərə fasiləsiz, təhlükəsiz və sürətli nəqliyyat əlaqəsi yaradılır. Bu, bölgəyə qayıdacaq əhali üçün əlçatanlığı təmin edir. İkincisi, İstisu kimi turizm zonalarının inkişafına böyük imkan açılır. Üçüncüsü, Kəlbəcər və Laçın istiqamətində strateji hərbi-logistik dəhliz formalaşır. Dördüncüsü, kənd təsərrüfatı, sənaye və xidmət sektorlarının inkişafına güclü təkan verilir.

Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri əzəmətli, nəhəng və genişmiqyaslıdır. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri də göstərir ki, dövlət başçısı bu məsələni xüsusi diqqət və nəzarətində saxlayır.

Prezident, Müzəffər Ali Baş Komandanın yürütdüyü uğurlu və qətiyyətli siyasət nəticəsində işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Kəlbəcər şəhərində fasiləsiz həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, təməli qoyulan kəndlər tezliklə bu torpaqların Azərbaycanın çiçəklənən diyarına çevriləcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədr müavini

Digər xəbərlər