"Şuşada keçirilən Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu iki ölkə arasında strateji müttəfiqliyin yeni mərhələyə keçdiyini göstərir. Bu forum artıq siyasi və diplomatik səviyyədə möhkəmlənmiş əməkdaşlığın elmi-analitik müstəvidə də institusional əsaslar üzərində qurulduğunu nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.Onun sözlərinə görə, beyin mərkəzləri dövlət siyasətinin formalaşmasında mühüm rol oynayan qurumlar olduğundan, onların qarşılıqlı əlaqəsinin gücləndirilməsi Azərbaycanın və Türkiyənin regional proseslərə daha koordinasiyalı yanaşmasına imkan yaradır: "Regionda yeni geosiyasi və təhlükəsizlik reallıqları formalaşdığı bir zamanda bu cür platformalar strateji qərarların elmi təhlillərlə dəstəklənməsini təmin edir. Forumda xarici siyasət, iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya layihələri və inteqrasiya gündəmi üzrə müzakirələrin aparılması gələcəkdə iki ölkənin regional layihələrə daha sistemli şəkildə yanaşmasına şərait yaradacaq. Xüsusilə Zəngəzur dəhlizi, enerji və logistika əməkdaşlığı kimi mövzuların prioritet olaraq müzakirə olunması, tərəflərin regional güc mərkəzi kimi mövqelərini daha da möhkəmləndirir.Forum beyin mərkəzləri arasında institusional əməkdaşlıq üçün davamlı bir mexanizm yaradır. Bu əməkdaşlıq sayəsində analitik məlumat mübadiləsi güclənir, risklərin qiymətləndirilməsi, geopolitik trendlərin analizi və strateji qərarların hazırlanması daha effektiv hala gəlir. Bu, həmçinin iki ölkənin siyasətində uzunmüddətli sinxronlaşmaya və qarşılıqlı strateji təşəbbüslərin daha koordinasiyalı şəkildə həyata keçirilməsinə xidmət edir.Forumun məhz Şuşada keçirilməsi də xüsusi siyasi və simvolik əhəmiyyət daşıyır. Bu addım həm Azərbaycanın suverenlik və dövlətçilik gücünü, həm də Türkiyənin bu prosesə verdiyi ardıcıl dəstəyi nümayiş etdirir. Ekspertlərin fikrincə, Birinci Şuşa Forumu gələcək illərdə iki ölkənin beyin mərkəzləri arasında ortaq platformanın formalaşmasına, elmi-analitik əməkdaşlığın dərinləşməsinə və regionda strateji proseslərin daha dəqiq istiqamətləndirilməsinə mühüm töhfə verəcək. Ümumilikdə, bu forum Azərbaycan-Türkiyə strateji müttəfiqliyini daha sistemli, analitik və institusional səviyyəyə yüksəldən önəmli bir təşəbbüsdür və regional siyasətə real təsir potensialına malikdir.
Müəllif: Ziya Hikmətoğlu