PDF Oxu

Siyasət

  • 942

"Bu cür “sülh” modeli beynəlxalq hüququn nüfuzunu aşındıra bilər" - ŞƏRH EDİLDİ

image

"ABŞ-ın irəli sürdüyü “sülh planının” konturları Rusiyanın işğal etdiyi ərazilərə faktiki legitimlik qazandırmaq ehtimalı yaratdığı üçün ciddi beynəlxalq narahatlıq doğurur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.Onun sözlərinə görə, əgər hərbi güc hesabına ələ keçirilən torpaqlar “sülh razılaşması” çərçivəsində hüquqi status qazanarsa, bu, BMT Nizamnaməsinin əsas prinsiplərinə – dövlətlərin suverenliyi və sərhədlərin toxunulmazlığına ağır zərbədir:"Belə bir yanaşma yalnız Ukrayna üçün yox, bütün dünya üçün təhlükəli presedent yarada bilər, çünki güc tətbiq etməklə ərazi dəyişikliklərinin mümkün olduğu mesajı digər dövlətlərə də siqnal verər. Bu, beynəlxalq hüququn bütövlükdə zəifləməsinə və gələcəkdə analoji addımların legitimləşdirilməsinə aparan çox təhlükəli bir tendensiyadır."Onun sözlərinə görə, Rusiya uzun illərdir özünün genişlənmə siyasətində “faktiki nəzarəti hüquqi reallığa çevirmək” strategiyasından istifadə edir. Bu model 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrində, 2014-cü ildən etibarən isə Ukraynanın Krım və Donbas bölgələrində özünü göstərib. İndi isə Moskva eyni yanaşmanı daha geniş miqyasda həyata keçirmək niyyətindədir ki, bu da regional və qlobal təhlükəsizlik balansını daha da pozur.Qərb daxilində belə bir “sülh paketinin” legitimliyi ilə bağlı ciddi mübahisələrin getdiyini qeyd edən politoloq əlavə edib ki, bu planın qəbul edilməsi gələcəkdə digər regional güclərin də oxşar şəkildə güc tətbiq etməklə ərazi iddialarını reallaşdırmaq cəhdlərinə yol aça bilər. Bu isə təkcə Avropa məkanında deyil, Yaxın Şərq, Asiya və hətta Afrika kimi həssas regionlarda yeni geosiyasi gərginlik ocaqlarının yaranmasına gətirib çıxara bilər. Nəticə olaraq, bu cür “sülh” modeli qlobal təhlükəsizlik arxitekturasını zəiflədərək beynəlxalq hüququn nüfuzunu aşındıra bilər".

Müəllif: Arzu Qurbanlı

Digər xəbərlər