PDF Oxu

Siyasət

  • 417

Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan - TƏHLİL

image

Dövlət başçısının Sərəncamı ilə Gənclər və İdman Nazirliyinə 1 900 000 (bir milyon doqquz yüz min) manat vəsait ayrılıb

Müasir dövrdə idman cəmiyyətin bütün sahələrinə nüfuz edərək əmək və həyat fəaliyyətinə, yaşayış tərzinə, etik-əxlaqi dəyərlərə, millətlərarası və dövlətlərarası münasibətlərə güclü təsir göstərir. İdman mərdlik, iradəlilik, dözümlülük, qəhrəmanlıq məktəbi olmaqla insanı həyata hazırlayır, çətinliyə sinə gərməyi öyrədir. Müstəqil Azərbaycan Respublikasında dövlətin qarşısında duran tarixi vəzifələrin yerinə yetirilməsi, o cümlədən dövlətçiliyin, iqtisadiyyatın və sosial sahələrin inkişafı və möhkəmləndirilməsi, şəxsiyyətin harmonik inkişafı, gənclərin əməyə və vətənin müdafiəsinə hazırlanması kimi məsələlərin həllinin təmin edilməsində bədən tərbiyəsi və idmanın gündəlik həyatımıza daxil edilməsi hazırkı dövrdə aktual tələblərdən birinə çevrilib. Dövlət başçısının idmanın inkişafı istiqamətində həyata keçirdiyi siyasət, bədən tərbiyəsinin və idmanın inkişafı ölkəmizin ümumi inkişaf siyasətinin tərkib hissəsini təşkil edir. Bildiyimiz kimi, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunları kecirilib.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 900 000 (bir milyon doqquz yüz min) manat vəsait ayrılb. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi, ən yüksək nəticələrə görə medalların sayı, fərdi və ya komanda yarışlarında iştirakı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin ödənilməsinə dair qaydanı 10 (on) gün müddətində hazırlayıb təsdiq edəcəkdir.

İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb. Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində idmançılarımızın sorağı mötəbər yarışlardan qalib kimi eşidilir.
Respublikamızın artan potensialı nəticəsində son illər Azərbaycanda beynəlxalq miqyaslı tədbirlər, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatları, dünya kuboku və Qran-Pri yarışları keçirilmişdir. Belə ki, Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına, eləcə də Avropa, dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi etmiş Azərbaycanda belə yarışların keçirilməsi onu göstərir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. Ölkəmizin mötəbər idman yarışlarını keçirməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.

Azərbaycan mötəbər idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi edir

İdman ölkəsi kimi tanınan ölkəmizdə müasir tələblərə cavab verən möhtəşəm idman qurğuları fəaliyyət göstərir. 2015-ci ildə istifadəyə verilən Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malikdir. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VIP, CIP və media bölmələri mövcuddur. Birinci Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimləri, eləcə də, atletika yarışları məhz bu stadionda təşkil olunub. Bakı Tennis Akademiyası da Azərbaycanda bu tipdə inşa edilmiş ilk idman qurğusudur. İlin bütün fəsillərində yerli və beynəlxalq yarış və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb. Bakı Tennis Akademiyasının ərazisində idman hovuzu və məşq zalı da istifadəyə verilib. Bundan başqa 3 min tamaşaçı tutan mərkəzi universal stadion inşa olunub. Stadionda tennislə yanaşı, voleybol, mini-futbol, basketbol, həndbol, çimərlik voleybolu, güləş, boks və idmanın digər növləri üzrə ən mötəbər çempionatlar və turnirlər keçirmək mümkündür.
Təşkilatçılıqla yanaşı, ölkələrin idman sahəsində qazandıqları nəticələr də çox vacib amillər sırasındadır. Sevindirici haldır ki, idmançılarımız həmişə onlara göstərilən etimadı doğruldublar. Sidney görüşü ölkəmizə 2 qızıl, 1 bürünc medal qazandırdı. Afinadan Azərbaycana 5 medalla qayıdan idmançılarımız Pekin yarışlarında 1 qızıl, 2 gümüş, 4 bürünc medalla pərəstişkarlarını sevindirdilər. Azərbaycana uğur gətirməklə idmançılarımızın dünya birliyində tanınmasına səbəb olan London XXX Yay Olimpiadası daha uğurlu oldu. Belə ki, qaliblər üçün nəzərdə tutulan medallardan 2 qızıl, 2 gümüş, 4 bürünc qazanmaqla ölkəmizə 10 medalla döndülər. Çində keçirilmiş yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclərimiz əlavə aktivlər qazandılar. Bu kimi tarixi nailiyyətlər gənclərimizin idmana maraq və həvəsini daha da artırdı. Azərbaycana 56 medal qazandıran Birinci Avropa Oyunları bir daha təsdiqlədi ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli yetişməkdədir. Azərbaycana "Bakı- 2017" İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazandıran amillər, bu sahədə qazanılan zəngin təcrübənin özünü doğrultduğunu göstərdi. MDB ölkələri zəhmətkeşlərinin beynəlxalq V İdman Oyunlarında Azərbaycan idmançıları 37 medal - 9 qızıl,12 gümüş və 16 bürünc medal qazandılar.
Paytaxtımızda start götürmüş elit yarışmalarından olan "Formula-1"-ə ölkəmizin ev sahibliyi etməsi dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycanın iqtisadi gücünü, inkişafını, qonaqpərvərliyini, multikultural dəyərlərini bir daha dünyaya nümayiş etdirmiş oldu. Xatırladaq ki, Formula 1 yarışları Bakıda 2016-cı ildən keçirilir. Bakının "Formula-1" kimi mühüm yarışı da yüksək səviyyədə təşkil etməsi bir daha Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləmiş oldu. Formula-1" yarışlarının Bakı mərhələsi dünyada böyük maraq yaratdı.
Bütün bunlar, Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür. Azərbaycanın mötəbər idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi etməsi də bu sahənin, eləcə də həmin idman növlərinin inkişafına, idmanın kütləviliyinin təmin olunmasına xidmət edir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər