PDF Oxu

Siyasət

  • 1 056

”Azərbaycan dili milli kimliyimizin əsas sütunudur” - Sahibə Qafarova

image

“Bu gün keçirdiyimiz müzakirə Milli Məclisin təşəbbüsü ilə baş tutur və parlament bu prosesə Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə elmi şəkildə cəlb olunub. Hökumət səviyyəsində səsləndirilmiş fikirlər elmi ictimaiyyətin qarşısında yeni vəzifələr qoyur. Dövlət siyasətinin inkişafında alimlərin biliyi və təcrübəsi xüsusi əhəmiyyət daşıyır”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyasına həsr olunmuş konfransda çıxışı zamanı deyib.Spiker bildirib ki, konfransın əsas məqsədi Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində əsas prioritetləri müəyyənləşdirmək, bu prosesdə parlamentin, elmi ictimaiyyətin və ziyalıların rolunu dəqiqləşdirməkdir: “Bu gün biz Azərbaycan dilini xalqımızın milli kimliyinin əsas sütunu kimi qəbul edirik. Dilimiz tariximizin daşıyıcısı, dövlətçiliyimizin təməli və milli mənsubiyyətimizin təzahürüdür”.Sahibə Qafarova vurğulayıb ki, dil siyasətini həyata keçirən və onun hüquqi bazasını təmin edən əsas qurum Milli Məclisdir: “Dilimizin qorunması və inkişafı ilə bağlı qəbul edilən qanunlar məhz parlamentin qərarları əsasında həyata keçirilir. Dünya dəyişir, yeni texnologiyalar yaranır və bu şəraitdə dilimizin həm qorunması, həm də müasirləşdirilməsi üçün sistemli yanaşmalara ehtiyac var”.O, Azərbaycan dilinin dövlət dili statusunun formalaşmasında Ulu Öndər Heydər Əliyevin tarixi rolunu xüsusi qeyd edib:

“Məhz Ulu Öndərin səyləri nəticəsində 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinə dövlət dili statusu verildi. 1995-ci ildə isə bu status bir daha təsdiqləndi. ‘Dövlət dili haqqında’ qanun və digər normativ aktlar qəbul edildi”.Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan dilinin qorunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən milli məsuliyyətdir: “Parlamentin bu prosesdə xüsusi rolu var. Qanunvericilik təşəbbüsləri, dövlət proqramlarının inteqrasiyası, müasir texnologiyaların tətbiqi və səmərəli idarəetmə məsələləri Milli Məclisin fəaliyyət istiqamətlərindəndir”.Sahibə Qafarova Azərbaycan dilinin qarşısında dayanan əsas çağırışları da diqqətə çatdırıb:
— Azərbaycan dilinin hüquqi statusunun qorunması;
— Dilin rəqəmsallaşması və yeni texnologiyalarla inteqrasiyası;
— Terminologiyanın elmi əsaslarla yenilənməsi və təkmilləşdirilməsi.
O əlavə edib ki, yeni mərhələdə əsas hədəflər arasında müasir texnologiyalarla dil tədrisinin rəqəmsallaşdırılması, mediada dil normalarına əməl olunmasının təşviqi, süni intellekt sistemlərində Azərbaycan dilinin inteqrasiyasının artırılması xüsusi yer tutur.Sonda Milli Məclisin sədri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən daha geniş və müasir formada davam etdirilir: “Biz sübut etməliyik ki, Azərbaycan dili yalnız tədris predmeti deyil, milli ideologiyamızın əsas sütunlarından biridir”.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər