“Cənab Prezidentin Elmlər Akademiyasındakı çıxışında toxunulan əsas məsələləri üç mühüm istiqamətdə qruplaşdırmaq olar. Birinci istiqamət qlobal miqyasda və ölkə daxilində strateji əhəmiyyət kəsb edən sahələrlə bağlıdır. Bu sahələrdə Azərbaycanın daha dayanıqlı və rəqabətədavamlı mövqe qazanması üçün zəruri addımlar müəyyən edilib”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyasına həsr olunmuş konfransda çıxışı zamanı səsləndirib.O bildirib ki, ikinci mühüm istiqamət yeni dövrün tələblərinə cavab verən inkişaf hədəflərini əhatə edir: “Bu hədəflər Azərbaycanın texnologiya, təhlükəsizlik, enerji, alternativ mənbələr, süni intellekt və rəqəmsallaşma sahələrində potensialının artırılmasına yönəlib”.İsa Həbibbəyli üçüncü istiqamətin isə siyasi, ideoloji və elmi baxımdan yeni vəzifələrin müəyyənləşdirilməsi ilə bağlı olduğunu vurğulayıb: “Bu vəzifələr təkcə idarəetmə və qanunvericilik yox, eyni zamanda milli şüurun, mənəvi irsin və dilin qorunması və inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Cənab Prezidentin vurğuladığı kimi, texnoloji inkişaf olmadan bu gün istənilən sahədə real nailiyyətlər mümkün deyil”.Akademiya prezidenti qeyd edib ki, bu baxımdan Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi və digər aidiyyəti qurumlar öz fəaliyyətlərini bu çağırışlara uyğunlaşdırmalı və yeni hədəflərə yönəltməlidirlər.O əlavə edib ki, hazırda ölkədə bu istiqamətdə bir sıra təşəbbüslər, layihələr və struktur dəyişiklikləri həyata keçirilir: “Bütün bu tədbirlər vahid dövlət siyasəti çərçivəsində koordinasiyalı şəkildə icra olunarsa, qarşıya qoyulan məqsədlərə nail olmaq tam mümkündür”.
Müəllif: Günel Fərzəliyeva