“Biz bu gün burada bir məqsəddən danışırıq. Bəlkə də bu məqsəd çoxlarına ümumi görünə bilər, amma əsas diqqətimiz Azərbaycanlıların tərbiyəsində Azərbaycan dilinin rolu və bu rolu həyata keçirən əsas mərkəz kimi Azərbaycan məktəbinin üzərinə düşən vəzifədədir. Məktəb yalnız təhsil ocağı deyil, milli kimliyin, dilin, mədəniyyətin və vətəndaşlıq düşüncəsinin ötürüldüyü əsas platformadır. Dilimizin qorunması və inkişafı məhz burada baş verir“. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyasına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.Nazir vurğulayıb ki, hər hansı uğur müəllimin, tədris proqramının və qiymətləndirmə sisteminin birgə fəaliyyətindən asılıdır: “Müasir müəllim həm bilik verən, həm tərbiyə edən, həm də dilimizin qoruyucusudur. Tədqiqatlar göstərir ki, bu gün məktəblərdə çalışan müəllimlərin əksəriyyəti bu məsuliyyəti daşıyır və gənc nəslə həm dil, həm də milli kimlik aşılayır. Lakin bəzi hallarda məktəblər və müəllimlər əlavə ictimai və siyasi yüklərlə üzləşir. Uşaqların yaşına uyğun yanaşmalar tətbiq edilməlidir; 6-7 yaşlı uşağa siyasi və ideoloji çərçivədə deyil, milli kimliyinə, dilinə və mədəniyyətinə sevgi aşılamaq vacibdir”.
Müəllif: Günel Fərzəliyeva