Dekabrın 6-8-də Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev Qətər dövlətində səfərdə olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, F.Rzayev Qətər dövlətinin dəstəyi ilə keçirilən 23-cü Beynəlxalq Doha Forumunda iştirak edib.
Forum çərçivəsində F.Rzayev iqlim diplomatiyasına həsr olunmuş panel sessiyasında çıxış edib. Nazir müavini ölkəmizin yaşıl enerjiyə keçid və alternativ enerji mənbələrindən istifadə sahəsindəki siyasəti, habelə COP29 çərçivəsində Azərbaycanın sədrliyi tərəfindən görülmüş işlər və nailiyyətlər, bu kontekstdə cari ilin noyabrında Braziliyada keçirilmiş COP30 tədbirinə ölkəmizin töhfələri, COP “troyka” beynəlxalq iqlim diplomatiyası çərçivəsində davam edən fəaliyyəti barədə danışıb.
Eyni zamanda, səfər çərçivəsində F.Rzayev Qətərin Lusail universitetinin rəhbərliyi və professor-müəllim heyəti, eyni zamanda, Beynəlxalq Siyasi Araşdırmalar Mərkəzinin rəhbərliyi ilə görüşlər keçirib.
Görüşlər zamanı F.Rzayev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra yürütdüyü fəal xarici siyasət kursu, ikitərəfli əlaqələri və beynəlxalq təşkilatlar çərçivəsindəki təşəbbüsləri, eyni zamanda, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində həyata keçirilən fəaliyyət, eləcə də Azərbaycan və Qətər arasında həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlıq barədə danışıb.