PDF Oxu

Siyasət

  • 409

Bratislava görüşü Azərbaycan–Slovakiya tərəfdaşlığının yeni siyasi xəritəsidir

image

Dekabrın 8-də Bratislava diplomatik baxımdan xüsusi bir gün oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiyaya rəsmi səfəri yalnız protokol səviyyəsində həyata keçirilən görüş deyildi. Bu səfər Avropa qitəsində yeni strateji tərəfdaşlıq arxitekturasının formalaşdığını göstərən mühüm siyasi hadisə kimi tarixə düşdü. Səfər çərçivəsində iki ölkə prezidentlərinin mətbuata bəyanatları göstərdi ki, Bakı ilə Bratislava arasında əməkdaşlıq artıq ənənəvi diplomatik münasibətlərin hüdudlarından çıxaraq çoxşaxəli strateji xəttə çevrilib. Azərbaycanın geosiyasi çəkisi, iqtisadi potensialı, enerji resursları və artan texnoloji ambisiyaları Slovakiya üçün etibarlı tərəfdaşlıq platforması yaradır. Cənab Prezident İlham Əliyev Slovakiyaya bu səfəri yüksək əminliklə dəyərləndirərək bildirdi: “Bu, Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəridir. Əminəm ki, iki ölkə arasındakı əlaqələrə çox müsbət təsir göstərəcəkdir.” Bu ifadə iki mühüm məqamı ortaya qoyur. Bratislava ilə Bakının siyasi dialoqu yeni mərhələyə daxil olur və tərəflər artıq dostluqdan strateji tərəfdaşlığa keçidi tam mənada reallaşdırıblar. Xatırladaq ki, ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin ən ali çərçivəsini müəyyən edib. Cənab Prezidentin sözləri ilə desək “Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir.” Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində aparıcı rola malikdir. İlk dəfə olaraq ötən il Slovakiya Azərbaycan qazını almağa başladı.

Bu, təkcə iqtisadi proses deyil, Avropanın enerji xəritəsində yeni reallığın formalaşmasıdır. Cənab Prezident İlham Əliyev bəyan etdi: “Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər.” Bu bəyanat həm siyasət, həm təhlükəsizlik, həm də iqtisadi etibar siqnalıdır. Hazırda Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetrdir, bunun yarısı Avropaya gedir, 8 Aİ ölkəsi Azərbaycan qazından yararlanır və 14 ölkə ümumilikdə Azərbaycan təbii qazının alıcısına çevrilib. Yeni yataqların istismarı bu potensialı daha da artıracaq və Slovakiyanın o cümlədən Mərkəzi Avropa regionunun enerji təminatında Azərbaycanın rolunu möhkəmləndirəcək. Azərbaycan və Slovakiya müdafiə sənayesi sahəsində əməkdaşlığı sadəcə hərbi müstəvi kimi deyil, yüksək texnologiyaların birgə istehsalı kimi dəyərləndirir. Cənab Prezident İlham Əliyev xüsusi vurğuladı: “Biz müharibə aparmaq fikrində deyilik. Burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdiririk.” Dünya bazarına çıxarıla biləcək birgə məhsulların istehsalı gələcək illərin perspektiv sənaye xəritəsində mühüm yer tutacaq. Slovakiya hökumət nümayəndələrinin Zəfər Günündə Azərbaycanda iştirak etməsi isə siyasi etimadın və dostluğun real təzahürü kimi yüksək qiymətləndirildi. Azərbaycan son illərdə nəqliyyat infrastrukturu və tranzit xətti üzrə yaratdığı imkanlarla artıq qlobal logistik sistemin ayrılmaz hissəsinə çevrilib. Cənab Prezidentin sözləri bunu tam təsdiqləyir:

“Bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq.” Orta Dəhliz – Orta Asiyanı Avropaya birləşdirən ən etibarlı marşrut – Azərbaycanın üzərindən keçir. Bu fakt Slovakiyanın da daxil olduğu Mərkəzi Avropa regionu üçün yeni iqtisadi imkanlar açır. Azərbaycan bu sahəyə əlavə sərmayələr yönləndirir və növbəti illərdə logistik imkanların daha da genişlənəcəyi gözlənilir. Bu, iki ölkə arasında yeni strateji əməkdaşlıq xəttinin açılmasına şərait yaradır. Cənab Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən digər mühüm istiqamət rəqəmsallaşma, data mərkəzləri və süni intellekt sahəsində əməkdaşlıq oldu. O, Azərbaycanın bu sahədəki üstünlüklərini belə ifadə etdi: “Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir və növbəti beş il ərzində bu, 8 giqavata çatdırılacaq.” Bundan əlavə Azərbaycanın müxtəlif bölgələrində soyuq iqlim şəraiti, geniş yaşıl enerji layihələri, güclü enerji infrastrukturunun mövcudluğu ölkəmizi beynəlxalq data mərkəzləri üçün ideal məkana çevirir. Slovakiya şirkətləri ilə birlikdə bu sahədə əməkdaşlıq rəqəmsal iqtisadiyyatın yeni mərhələsini formalaşdıracaq.
Cənab Prezident İlham Əliyev Slovakiyanın siyasi cəsarətini xüsusi qeyd edərək dedi: “Slovakiya müstəqil xarici siyasət aparır. Buna görə müəyyən çətinliklərlə üzləşirsiniz, amma bu, Sizi yolunuzdan döndərmir.” Bu sözlər Azərbaycanın yalnız iqtisadi sahədə deyil, siyasi baxımdan da Slovakiyaya yüksək ehtiram göstərdiyini sübut edir. Bu dəyərləndirmə həm də göstərir ki, Bakı diplomatik tərəfdaşlığı yalnız iqtisadi maraqlarla deyil, siyasi prinsipiallıqla ölçür. Dekabrın 8-də Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar Azərbaycan–Slovakiya münasibətlərinin çoxşaxəli inkişaf xəttini bir daha təsdiqlədi. Bu əməkdaşlığın əsas koordinatları artıq bəllidir. Strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi və etibarlı təchizat, müdafiə sənayesində texnoloji əməkdaşlıq, nəqliyyat və Orta Dəhlizin potensialları, rəqəmsal iqtisadiyyat, süni intellekt və data mərkəzləri və siyasi etimad və qarşılıqlı hörmət. Bratislava görüşü Azərbaycan diplomatiyasının Avropa istiqamətində yeni fəslini açdı. Bu, həm ölkəmizin strateji gücünü, həm də cənab Prezident İlham Əliyevin ardıcıl, uzaqgörən və qlobal siyasətin ruhuna uyğun liderlik xəttini bir daha nümayiş etdirdi.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Digər xəbərlər