PDF Oxu

Siyasət

  • 1 275

Azərbaycan-Slovakiya əlaqələri qarşılıqlı etimad və strateji tərəfdaşlıq əsasında inkişaf edir

image

Dekabrın 8‒9-da Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi dövlət səfərinin gerçəkləşməsi mühüm siyasi hadisə olmaqla, Azərbaycan-Slovakiya münasibətlərində yeni səhifənin açılması kimi səciyyələndirilə bilər. Səfər rəsmi Bratislava və Bakı arasında strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirməklə, çoxşaxəli əməkdaşlıq üçün möhkəm zəmin yaradır, müasir inkişaf prioritetlərini müəyyənləşdirmək baxımından faydalı gündəlik formalaşdırır.

Azərbaycan və Slovakiya arasında yaxın dostluq və tərəfdaşlıq münasibətləri ötən illər ərzində diplomatik səylərin artırılması, yüksək səviyyəli nümayəndə heyətlərinin, o cümlədən parlament qruplarının qarşılıqlı səfərləri və biznes-forumların keçirilməsi sayəsində möhkəmlənərək fəal siyasi dialoqun qurulmasına səbəb olub. Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyib, ələlxüsus da Slovakiya Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsində davamlı olaraq qətiyyətli mövqe nümayiş etdirib.
Tərəflər arasında ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və digər mühüm iqtisadi, siyasi və humanitar məzmunlu sənədlər ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsi üçün yaxşı hüquqi baza yaradaraq dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə çatdırıb.
Prezident İlham Əliyevin geniş tərkibli nümayəndə heyəti ilə Slovakiyaya səfəri isə tamamilə yeni siyasi məzmun kəsb etməklə, bir sıra mesajları çatdırır. Prezident Peter Pelleqrininin vurğuladığı kimi, səfər güclü siqnallar verir, yaxın dostluğa əsaslanan əlaqələrin böyük inkişaf potensialına uyğun daha da irəliyə aparılacağına dair ümidləri artırır.
Yeri gəlmişkən, P.Pelleqrininin iradəli və qətiyyətli siyasi lider kimi Azərbaycana və onun dövlət başçısına olan dərin etimadı və hörməti ikitərəfli siyasi münasibətlərin irəliyə aparılmasında mühüm rol oynayıb. Baş nazir olduğu dövrdə Azərbaycanda səfərdə olması və Slovakiyanın Bakıda Səfirliyinin açılmasında onun rolunu xüsusi dəyərləndirmək olar. Məhz Azərbaycan Prezidentinin uğurlu xarici siyasətinin nəticəsidir ki, onun ölkəmizə olan xüsusi rəğbəti, diplomatik əlaqələri, siyasi və iqtisadi təmasları gücləndirib, çoxistiqamətli əməkdaşlıq genişlənib.
Prezident İlham Əliyevin vurğuladığı kimi, qarşılıqlı etimad və dərin hörmət əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə, bütün sahələrdə etibarlı mühit formalaşdırıb. Qarabağ Zəfərinin beş illiyinə həsr olunmuş hərbi paradda Slovakiya Baş nazirin müavini, müdafiə nazirinin iştirakı isə səmimi dostluğun nümunəsidir.
Azərbaycan Pan-Avropa klubuna qoşduğu Slovakiyanın enerji təhlükəsizliyində də mühüm təminatçı dövlət olmaqla, rəsmi Bratislavanı 2024-cü ildən Cənub Qaz Dəhlizinin üzvlərindən birinə çevirib. Avropanın enerji bazarlarında yaranmış çətin və ağır tarif yükləri Slovakiyanın daxili təchizat sisteminə də mənfi təsir göstərdiyindən və məhdudiyyətlər yarandığından ölkənin Azərbaycanın dəstəyinə ehtiyacları isə daha da artıb. Prezident Pelleqrininin qeyd etdiyi kimi, Slovakiya hazırda Avropa İttifaqının Rusiya qazından imtina etməsi nəticəsində ağır vəziyyətə düşüb. Ona görə də Azərbaycan enerji təchizatında əsas həll variantının bir hissəsi hesab edilir.
14 dövlətə, Avropa İttifaqına üzv 8 ölkəyə qaz ixrac edən Azərbaycan isə enerji həmrəyliyinə sadiq qalaraq nəql potensialını və ixrac coğrafiyasını genişləndirməklə Slovakiyaya əlavə qaz nəqlini təmin edəcək.
Dövlət başçılarının mətbuata açıqlamalarından da aydın olur ki, Azərbaycan və Slovakiya yerləşdikləri regionda strateji əhəmiyyətə malik layihələrdə birgə yer almaq, nəhəng enerji-nəqliyyat platformalarında birgə iştirak etmək niyyətindədirlər. Xüsusilə də, Cənubi Qafqazın ən böyük iqtisadiyyatı olan, Asiya və Avropa ilə kəsişmədə yerləşən və zəngin enerji, qeyri-enerji resurslarına malik Azərbaycanla bütün regional proqramlarda müştərək addımlar atmaq Bratislava üçün hədəf prioritetləridir.
Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Şərqlə Qərb arasında körpü rolunu oynayan, Orta Dəhliz layihəsində fəal iştirak edən ölkəmiz Mərkəzi Asiyanı Avropa ilə birləşdirir. Ən etibarlı və ən təhlükəsiz marşrutlar Azərbaycan ərazisindən keçir və gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq biz öz imkanlarımızı genişləndirəcəyik. Bu baxımdan, Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında həmin bağlantılar mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın Aİ və Slovakiya ilə əməkdaşlığı yalnız enerji ixracı və logistika mübadilələri ilə məhdudlaşdırmır, eyni zamanda, regionun bərpası və sabitliyi, eləcə də geniş infrastruktur və nəqliyyat layihələri üçün strateji imkanlar açır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanması və post-müharibə dövründə yaranmış yeni reallıqlar da Slovakiya üçün mühüm geosiyasi-iqtisadi imkanlar açır, regional əməkdaşlıq və rifah çərçivəsini müəyyən edir. Hazırda işğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd” konsepsiyası əsasında layihələrdə təmsil olunan slovak şirkətləri yeni münbit və sağlam investisiya mühitində daha geniş yer almağı planlaşdırır. Tərəflər həm də “yaşıl enerji” layihələrində fəal işləyirlər.
Azərbaycanın “yaşıl enerji” potensialı təxminən iki giqavata bərabərdir və növbəti beş il ərzində bu, 8 giqavata çatdırılacaq. Bu yaşıl potensial Slovakiya Hökuməti və şirkətləri üçün də cəlbedicidir. Həmin resursların istehsalı və emalı növbəti mərhələdə işə düşəcək Xəzər-Qara dəniz-Avropa “yaşıl enerji” kəməri vasitəsilə Slovakiyaya da alternativ enerjinin nəqlinə imkan verəcək.
Müasir inkişaf trayektoriyasının əsas drayveri olan süni zəka və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir və Azərbaycanın regionda yaratdığı nəhəng data infrastrukturları Slovakiya üçün də mühüm əhəmiyyət daşıyır. Bu beynəlxalq data landşaftında yer almaq üçün birgə əməkdaşlıq imkanları üzərində fəal məsləhətləşmələr aparılır.
Azərbaycan və Slovakiya müdafiə sənayesi sahəsində də əməkdaşlığa üstünlük verir. Bu əməkdaşlığın də təməlində sülhsevər niyyətlər dayanır. Müharibənin artıq keçmişdə qaldığını bəyan edən Azərbaycan Lideri müdafiə sənayesini sinergiyanın bir hissəsi kimi görür. Dövlətimiz Slovakiya texnologiyaları ilə Azərbaycanın imkanlarını birləşdirərək yeni məhsulların istehsalında maraqlıdır.
Beləliklə, Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki dövlət arasında strateji əməkdaşlığın güclənməsinə, siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişlənməsinə mühüm töhfə verəcək, regionda sabitlik və əməkdaşlıq, investisiya imkanlarının inkişafında yeni mərhələ açacaq.

Ramid Namazov
Milli Məclisin deputatı

Digər xəbərlər