Qırğızıstanın qonşu ölkələrlə sərhədləri boyunca artıq ağır silahlar yerləşdirilməyəcək. Bu barədə Qırğızıstanın Çon-Alay rayonundakı Karamık sərhəd məntəqəsində çıxış edən Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DTMK) sədri Kamçıbek Taşiyev bildirib.Taşiyevin sözlərinə görə, qonşu ölkələrlə torpaq mübahisələri tam həll olunub: "Artıq mübahisəli ərazilər qalmayıb. Silahlı toqquşmaların baş verdiyi vaxtlar olub. Sərhədi və torpağımızı qoruyan neçə qəhrəmanımız - sərhədçilərimiz həlak olub? Ümid edirəm ki, indi belə toqquşmalar olmayacaq, çünki artıq heç bir mübahisə yoxdur."
O, həmçinin qeyd edib ki, sərhəd siyasətindəki dəyişikliklərlə əlaqədar olaraq, hakimiyyət orqanları odlu silahların istifadəsi qaydalarını və silahlı birləşmələrin sayını nəzərdən keçirir."Sərhədçilər artıq ağır silahlardan və ağır texnikadan istifadə etməyəcəklər. Bütün bunları qonşu ölkələrlə məsləhətləşərək aradan qaldırırıq. "Yalnız kiçik və yüngül silahlar xidmətdə qalacaq", - deyə Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri bildirib və əlavə edib ki, sərhədçilər daha yüngül xidmət rejiminə keçirlər.Qırğızıstan Tacikistanla sərhədin əvvəllər mübahisəli olan hissələri boyunca baryerlər quraşdırmağa başlayıb.Daha əvvəl Kamçıbek Taşiyev bildirib ki, Tacikistan və Qırğızıstan arasındakı sərhəddə daimi sərhədçi qüvvələrinin olmasına ehtiyac tezliklə aradan qalxa bilər.
Hazırda Tacikistan-Qırğızıstan sərhədində Qırğızıstan tərəfində tikanlı məftil baryerlərinin quraşdırılması üçün mühəndislik işləri aparılır.Tacikistan və Qırğızıstan arasındakı sərhədin ümumi uzunluğu 1008,14 km-dir və birinci mərhələ 420 km boyunca tikanlı məftillərin çəkilməsini əhatə edir.
Bu ilin 13 martında Bişkekdə imzalanan sərhəd müqaviləsi Qırğızıstan və Tacikistan arasında delimitasiya prosesini başa çatdırıb. Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü 31 martda Xucənddə keçirilib. Liderlər üç Dövlətin Qovşağı haqqında Müqaviləni və Əbədi Xucənd Bəyannaməsini imzalayıblar.
İlham