Prezident İlham Əliyevin 8 dekabr tarixində Slovakiyaya rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji prioritetlərini və gələcək inkişaf vektorlarını nümayiş etdirir. Bu bəyanat siyasi-iqtisadi, həmçinin texnoloji sahələr üzrə əməkdaşlığın yüksələn xəttini təsdiq edən mühüm mənbə hesab olunur.
Azərbaycan və Slovakiya münasibətləri dostluq və etimad prinsiplərinə əsaslanır. İki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələri ən yüksək səviyyəyə çatdırmış və praktiki əməkdaşlığa əlverişli şərait yaratmışdır. Bu sənəd imzalandıqdan sonra iki dövlət arasında bütün istiqamətlər üzrə intensiv iş aparılmış, müştərək qurumlar fəaliyyətlərini genişləndirmişdir.
Energetika ənənəvi əməkdaşlıq sahəsi olaraq xüsusi yer tutur, ötən il ilk dəfə olaraq Azərbaycan qazının Slovakiyaya çatdırılması əlaqələrin yeni mərhələsini təşkil edir. Hazırda ümumi qaz ixracının 25 milyard kubmetr səviyyəsində olması və bunun yarısının Avropa ölkələrinə yönəldilməsi, həmçinin qaz idxal edən ölkələrin sayının 14-ə çatması bu əməkdaşlığın perspektivini daha da artırır. Yeni yataqların işlənməsi Slovakiya və digər region dövlətləri üçün əlavə təminat imkanları yaradır.
Dövlətimizin başçısının mətbuata bəyanatında vurğulanan mühüm istiqamətlərdən biri müdafiə sənayesi sahəsində işbirliyinin qurulmasıdır. Bu əməkdaşlıq hərbi məqsədlərin deyil, sənayeləşmə və texnoloji istehsalın genişləndirilməsinin bir forması kimi təsvir edilir. Slovakiya texnologiyası ilə maliyyə imkanlarının birləşdirilməsi yeni məhsulların istehsalına və onların dünya bazarlarına çıxışına şərait yarada bilər. Bu prosesin siyasi mənası da diqqət çəkir, müharibə dövrü geridə qaldıqdan sonra regionda sabitlik və modern sənaye quruculuğuna yönəlmiş yanaşma güclənmişdir. Slovakiya nümayəndələrinin azadlıq müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş paradda iştirakı isə strateji tərəfdaşlığın səmimi təzahürü kimi qeyd olunur.
Rəsmi bəyanatda iki dövlət arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi gələcək əlaqələrin vacib istiqamətlərindən biri kimi təqdim edilir. Gələcək illərdə bu istiqamətə əlavə vəsaitin ayrılması logistika imkanlarını daha da genişləndirəcək. Bu amillər regional ticarət dövriyyəsinə müsbət təsir göstərəcək, yükdaşımaların daha səmərəli idarə olunmasına imkan verəcək, həmçinin bu xətt üzrə aparılan işlər Avropa bazarlarına çıxışı gücləndirəcəkdir. Dövlətimizin başçısının mətbuata bəyanatında vurğuladığı kimi, Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib: “Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir”.
Hazırda ölkədə istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir və növbəti beş ildə bu rəqəmin 8 giqavata çatdırılması planlaşdırılır. Bu imkan data mərkəzlərinin və süni intellekt infrastrukturunun qurulmasında əsas üstünlük yaradır. Soyuq iqlimə malik bölgələrin mövcudluğu, data mərkəzlərinin enerji səmərəliliyi baxımından əlavə üstünlük hesab olunur. Slovakiya şirkətləri ilə bu sahədə əməkdaşlıq rəqəmsal iqtisadiyyat üzrə yeni layihələrin başlanmasına yol aça bilər.
İki ölkə arasında 13 hüquqi sənəd imzalanmış və 2021-ci ildə İqtisadi əməkdaşlıq haqqında Saziş əsasında Azərbaycan–Slovakiya Birgə İşçi Qrupu təsis edilmişdir. Slovakiyanın Bakıda səfirliyinin fəaliyyətə başlaması, daha sonra həmin ölkədə Azərbaycan səfirliyinin açılması ikitərəfli münasibətlərin institusional əsasını gücləndirmişdir. Bu addımlar siyasi dialoqun, iqtisadi əməkdaşlığın və humanitar təmasların sistemli şəkildə qurulmasına töhfə verir.
Beləliklə, dövlətimizin başçısının mətbuata bəyanatı Slovakiya ilə münasibətlərin mövcud vəziyyətini və geniş perspektivlərini ortaya qoyur. Energetika, müdafiə sənayesi, nəqliyyat, infrastruktur, rəqəmsal transformasiya və sənaye istehsalı kimi sahələrdə əməkdaşlıq növbəti illərdə iki ölkəni daha da yaxınlaşdıracaqdır. Bu dost dövlətlərin müstəqil xarici siyasəti, eləcə də regionun yeni enerji və nəqliyyat xəritəsində oynadığı rol münasibətlərin ardıcıl inkişafına təkan verəcəkdir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı