Azərbaycanla Slovakiya arasında keçən il imzalanmış strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə dostluq və qardaşlığın əyani nümunəsidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri vurğulayıb ki, bu sənəd iki ölkə arasında gələcək əməkdaşlığa geniş imkanlar yaradır və sağlam münasibətlərin möhkəmlənməsinə bir zəmanətdir.“Azərbaycan qazı bu gün dünyanın 14 ölkəsinə ixrac edilir. Avropa ittifaqına üzv olan 8 ölkə də Azərbaycan qazından faydalanır. Slovakiya da bu ölkələr sırasındadır. Qardaş ölkə ilə müdafiə sənayesi sahəsində də əməkdaşlıq imkanları genişləndirilir. Nəqliyyat sahəsində əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verilir. İnformasiya texnologiyalarının tətbiqi, enerji potensialında səmərəli istifadə qarşıya qoyulan əsas vəzifələrdəndir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiya Respublikasına səfəri zamanı bu məsələlər diqqət mərkəzində olmuş və dövlətimizin rəhbəri mətbuata bəyanatında bildirmişdir ki, “Mənim Slovakiyaya rəsmi səfərim əminəm ki, iki ölkə arasında əlaqələrə müsbət təsir göstərəcəkdir”.Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günbəgün artır və dost ölkələrin sayı getdikcə çoxalır. Bu, Prezidentimizin yürütdüyü xarici siyasətin müsbət nəticəsidir və əlbəttə ki, ölkəmizin milli maraqlarına, dövlətimizin təhlükəsizliyinə və xalqımızın xoşbəxt gələcəyinə xidmət edir. Slovakiya səfəri də bu baxımdan çox əhəmiyyətlidir və əməkdaşlığın genişlənməsinə, əlaqələrin daha da möhkəmlənməsinə hesablanmışdır”, deyə Tahir Rzayev bildirib.
Müəllif: İnam Hacıyev