Hər il 12 dekabr tarixində Azərbaycan xalqı müasir dövlətçiliyimizin memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin Anım Gününü ehtiram və dərin qürur hissi ilə qeyd edir. Bu gün təkcə siyasi liderin xatırlanması deyil, həm də onun yaratdığı güclü dövlətçilik əsaslarının nəsillərə ötürülməsi, müstəqil Azərbaycanın inkişaf yolunun yenidən dərk edilməsidir.
Heydər Əliyevin Azərbaycan tarixində tutduğu mövqe yalnız bir liderin fəaliyyəti ilə ölçülmür. O, taleyüklü məqamlarda xalqın iradəsini ifadə edən şəxsiyyət, ən çətin zamanlarda məsuliyyəti öz üzərinə götürən dövlət xadimi, Azərbaycanı dünya xəritəsində söz sahibi edən siyasət rəhbəri idi. Onun fəaliyyəti bütöv bir epoxanı əhatə edir və bu epoxanın mərkəzində Azərbaycanın müstəqilliyi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi dururdu.
Heydər Əliyevin həyatı XX əsrin ən mürəkkəb dövrlərində siyasi mübarizələrlə, dövlətçiliklə və xalqına xidmətlə yoğrulmuş bir tale kitabıdır. Naxçıvandan başlayan böyük həyat yolu onu sovet məkanının ən yüksək siyasi zirvələrinə çatdırmışdı. Lakin o heç vaxt Azərbaycanı unutmamış, fəaliyyətinin bütün mərhələlərində milli marağı önə çıxarmışdır.
Onun 1969-cu ildə Azərbaycana rəhbər təyin edilməsi respublikanın inkişafında dönüş nöqtəsi oldu. Qısa müddətdə sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət sahələrində geniş islahatlar həyata keçirildi. Ölkə ittifaq miqyasında nüfuz qazandı, Azərbaycan kadrları böyük dövlət strukturlarında söz sahibi oldular.
1990-cı illərin ağır və təhlükəli günlərində Heydər Əliyevin siyasi səhnəyə qayıdışı Azərbaycan üçün dönüş nöqtəsi oldu. Daxili sabitliyin bərpası, dövlət institutlarının formalaşdırılması, iqtisadiyyatın dirçəliş yolu, “Əsrin müqaviləsi” kimi tarixi layihələr ölkənin gələcək inkişafını müəyyənləşdirdi. Ulu Öndərin uzaqgörən strategiyası sayəsində Azərbaycan regionun ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrildi.
1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, dövlət çox ağır sınaqların qarşısında qalmışdı. Daxili çəkişmələr, siyasi böhran, separatizm, torpaq itkisi, iqtisadi tənəzzül… Xalqın varlığı və gələcəyi sual altında idi.
Bu vaxt Heydər Əliyevin siyasi səhnəyə dönüşü Azərbaycan üçün taleyüklü oldu. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər ölkəni xaosdan çıxarmağı bacardı. O, ilk növbədə sabitliyi təmin etdi, dövlətçiliyin əsaslarını möhkəmləndirdi, ordu quruculuğunu prioritetə çevirdi. Məhz onun tərəfindən imzalanan «Əsrin müqaviləsi» Azərbaycanın iqtisadi dirçəlişinin başlanğıcı oldu və dövlətin qlobal arenada mövqeyini gücləndirdi.
Bu gün Azərbaycan dünya miqyasında güclənən, söz və nüfuz sahibi olan müstəqil dövlətdirsə, bunun fundamenti məhz Heydər Əliyevin yaratdığı siyasi xəttin davamıdır. Onun irsi yalnız sözlərlə deyil, reallığa çevrilmiş layihələrlə, beynəlxalq nüfuzla, güclü ordu və sabitliklə yaşayır.
*Ulu Öndərin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən yeni tarixi mərhələyə yüksəldilmişdir. Müasir Azərbaycanın hər bir uğurunun arxasında Heydər Əliyevin qoyduğu təməl dayanır:
*Ölkənin beynəlxalq nüfuzu artmış, Azərbaycan regional güc və qlobal tərəfdaş kimi tanınmışdır;
*Enerji layihələri – Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi – Azərbaycanı Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaşa çevirmişdir;
*Ordu quruculuğuna verilən prioritet nəticəsində 2020-ci ildə Azərbaycan tarixi ədaləti bərpa edərək Qarabağı işğaldan azad etmişdir.
*Regional sülh və inkişaf prosesləri məhz Ulu Öndərin xəttinin bəhrəsidir;
Nəticə olaraq, Ümummilli liderin müəyyən etdiyi strateji xətt Azərbaycanı bu gün regionda söz sahibi edən, müstəqilliyinə qətiyyətlə sahib çıxan güclü dövlətə çevirmişdir.
Hər il 12 dekabrda minlərlə insan Fəxri Xiyabana axışır. Bu səssiz izdiham Ulu Öndərə göstərilən hörmətin, minnətdarlığın, sevginin ifadəsidir.
Heydər Əliyevin Anım Günü, Azərbaycan xalqının birliyinin, dövlətçilik sevgisinin, tarixə və irsə sədaqətinin simvoludur. Bu gün Ulu Öndərin xatirəsi qarşısında baş əyir, onun ideyalarının bu gün də yaşayaraq Azərbaycanı daha böyük zirvələrə apardığını qürurla qeyd edirik.
Ulu Öndərin əbədi yaşayan irsinə hörmət vəxatirəsi təkcə rəsmi tədbirlərdə deyil, xalqın qəlbində yaşayır. Onun adını daşıyan məktəblər, mədəniyyət mərkəzləri, parklar, muzeylər xalqın ona olan ehtiramının göstəricisidir. Amma ən böyük abidə, şübhəsiz ki, onun yaratdığı müstəqil Azərbaycan dövlətidir.
Ulu Öndərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır və yaşayacaq.
Allah rəhmət eləsin!
İbrahim Allahverdiyev
YAP Yasamal rayon SOCAR, “Neftqazelmitədqiqatlayihə” institutu üzrə ərazi partiya təşkilatının sədri.