PDF Oxu

Siyasət

  • 677

Azərbaycan-Slovakiya münasibətlərinin əhəmiyyəti

image

Dünya geosiyasi məkanında bir-biri ilə yaxın olmayan, lakin dəyərlərində və inkişaf strategiyalarında oxşar istiqamətlərə malik iki ölkə Azərbaycan və Slovakiya XXI əsrin diplomatik xəritəsində özünəməxsus şəkildə bir araya gəlir. Bu münasibətlər həm tarixilik, həm də müasirlik çalarları daşıyır və dövlətlərarası əməkdaşlığın yeni nümunələrindən biri kimi diqqət çəkir.
Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra Avropaya inteqrasiya, regional təhlükəsizlik və enerji diplomatiyası kimi prioritet istiqamətlər onun xarici siyasətinin əsas konturlarını müəyyən etdi. Slovakiya isə Mərkəzi Avropanın siyasi mədəniyyəti, demokratik ənənələri və Avropa İttifaqındakı iştirakçılığı ilə yeni tərəfdaşlıq əlaqələri qurmağa hazır bir dövlət kimi çıxış etdi.
1993-cü ildən başlayaraq rəsmi münasibətlərin qurulması, iki ölkə arasında siyasi dialoqun ardıcıl inkişafına zəmin yaratdı. Diplomatik təmaslar zaman keçdikcə enerji, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə daha da dərinləşdi.
Azərbaycan və Slovakiya beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləməklə, sülh və təhlükəsizliyin qorunmasına töhfə verməyə çalışır. Slovakiya Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində dəstəklənməsi mövqeyini açıq şəkildə ifadə edən Avropa dövlətlərindən biridir.
Bu siyasi həmrəylik iki ölkənin regional və qlobal təhlükəsizlik məsələlərinə ortaq yanaşmasının nümunəsidir. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və Avropanın enerji təchizatının etibarlığı kontekstində Azərbaycan-Slovakiya əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Cənubi Qaz Dəhlizinin əsas iştirakçılarından biri olmaqla Avropanın enerji xəritəsində strateji rol oynayır. Slovakiya isə Mərkəzi Avropada enerji tranzitinin əsas mərkəzlərindən biridir. Bu iki strateji mövqe arasında təbii şəkildə yaranan sinerji dövlətlərarası əməkdaşlığı daha da möhkəmləndirir.

Samirə Zeynalova
YAP Tərtər rayon təşkilatının mühasibi

Digər xəbərlər