PDF Oxu

Siyasət

  • 1 065

Etibarlı tərəfdaş

image

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bu mühüm amil dünyanın bir çox ölkələrinin Azərbaycanla əlaqələrini daha da genişləndirməkdə maraqlı olduqlarını şərtləndirir. Mərkəzi və Şərqi Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir.

Azərbaycanla Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələrin inkişaf səviyyəsi cənab İlham Əliyevin Slovakiyaya rəsmi səfərində aydın göründü. Səfər çərçivəsində keçirilən görüşlər, müzakirə olunan məsələlər iki ölkənin münasibətlərinin gələcək inkişafının aydın mənzərəsini yaratdı. Belə ki, dövlət başçısı İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini, həmçinin Slovakiyanın Milli Şurasının sədri Rixard Raşi ilə təkbətək və geniş tərkibdə, Slovakiyanın Baş naziri Robert Fitso ilə təkbətək görüşü oldu. Görüşlərdə Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq bildirildi. Ötən il Baş nazir Robert Fitsonun ölkəmizə, bu il isə Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfərlərinin ikitərəfli münasibətlərimizin genişləndirilməsinə böyük töhfə verəcəyinə əminlik ifadə edildi.
Avropa İttifaqı kontekstində Slovakiya-Azərbaycan əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Azərbaycan üçün Avropa İttifaqı artıq uzun illərdir əsas ticarət tərəfdaşıdır və son illərdə bu əlaqələr əhəmiyyətli dərəcədə dərinləşib. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Aİ əməkdaşlığı isə yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət kəsb edir. Yalnız ötən il Azərbaycan Avropa İttifaqı ölkələrinə 12,9 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da enerji təhlükəsizliyində Azərbaycanın rolunu gücləndirir. Ölkəmizin xüsusilə Cənub Qaz Dəhlizi, TANAP və TAP vasitəsilə qaz tədarükü Avropanın enerji şaxələndirilməsi baxımından vacib alternativ mənbə hesab olunur. Bu ixrac yalnız iqtisadi göstərici deyil, həm də Avropanın enerji bazarlarında Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu məqamı xüsusi qeyd etdi ki, hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur.
Reallıq budur ki, Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadə edərək uğurlu sonluqla başa çatdırdığı enerji layihələri ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolunu daha da artırır. Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını təmin etdi. Ölkəmizin illər keçdikcə etibarlı tərəfdaş kimi mövqe qazanması 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasını bir zərurətə çevirdi. Regional çərçivədə başlayan əməkdaşlıq illər keçdikcə beynəlxalq miqyas aldı. 2020-ci ilin sonunda tam tərkibdə istifadəyə verilən Cənub Qaz Dəhlizi çoxtərəfli əməkdaşlığın başlanğıcı oldu. Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynamışdır. Qurum ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru təbii ki, çox böyük yer tutur.
Azərbaycan-Slovakiya münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığın genişləndirilməsini təmin edən yol xəritəsidir. Dövlət başçısı İlham Əliyevin Slovakiyaya rəsmi səfərinin əhəmiyyətini təsdiqləyən mühüm amillərdən biri də sənədlərin imzalanması oldu. Belə ki, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Slovakiya Respublikasının Dövlət Baytarlıq və Qida Administrasiyası arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Slovakiya Respublikasının Mədəniyyət Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Slovakiya Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu” imzalandı.
Göründüyü kimi, Azərbaycanın etibarlı tərəfdaş kimi qazandığı mövqeni yüksək dəyərləndirən Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər ölkəmizlə əməkdaşlıq əlaqələrinin genişlənməsində maraqlarını konkret addımları ilə təsdiqləyirlər.

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri

Digər xəbərlər