YAP Yasamal rayon təşkilatı və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş Nə qədər Azərbaycan var, Heydər Əliyev də var olacaq!” adlı tədbir keçirilib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin İntizam Komissiyasının sədri, millət vəkili Eldar İbrahimov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Milli Konservatortiyasının rektoru Kamilə Dadaş-zadə, Bakı Biznes Universtetinin rektoru İbad Abbasov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov, AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə şurasının sədri Fərhad Qaraşov, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikasının Xalq Artistləri Məleykə Əsədova, İlqar Muradov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, rayon ictimaiyyəti və fəal gənclər iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən YAP Yasamal rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirin rəsmi hissəsində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş video çarx nümayiş etdirilib.
Sonra çıxış üçün söz Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin İntizam Komissiyasının sədri, millət vəkili Eldar İbrahimova verilib. Çıxış edən Eldar İbrahimov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev həm tarixi yaradan, həm də tarixi şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ümummilli Liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır. Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır. Respublikamızda vaxtilə Ümummilli Lider Heydər Əliyevin böyük səyi və gərgin fəaliyyəti ilə yaradılmış və gələcək siyasi, iqtisadi və mədəni müstəqillik üçün formalaşdırılmış güclü infrastrukturun mövcudluğu və əhalidə formalaşmış müstəqil dövlətçilik əzmi milli azadlığı şərtləndirən iki mühüm amil oldu. Müstəqilliyin əldə olunmasının, demokratik Azərbaycan dövlətinin qurulmasının, möhkəmləndirilməsinin digər mühüm şərti isə tarixi şəxsiyyət olan ümummilli lider Heydər Əliyev fenomeninin varlığı idi. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. 1990-1993-cü illərdə Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri kimi də öz tarixi missiyasını davam etdirmiş, blokada vəziyyətindəki muxtar respublikanı ağır sosial-iqtisadi şəraitdən və tənəzzüldən qurtararaq onun dirçəlişinə nail olmuş, SSRİ-nin saxlanılması haqqında referendumda iştirakdan imtina etməklə faktiki olaraq müstəqilliyin təməllərini yaratmış, bu gün bütün ölkə ərazisində əzəmətlə dalğalanan üçrəngli dövlət bayrağını ilk dəfə ucaltmışdır. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev müstəqillik dövründə xilaskarlıq və quruculuq missiyasını həyata keçirməklə ölkəmizi nəinki tənəzzüldən, hətta dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtararaq inkişaf yoluna çıxarmış, Ümummilli Lider zirvəsinə yüksəlmişdir. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması, xalqın öz Liderinin arxasınca gedərək vahid amal uğrunda – milli məqsədlər naminə səfərbər olması həlledici siyasi-ideoloji faktor kimi ölkəmizin gələcəyini müəyyən etmişdir. 1993-2003-cü illər Ulu Öndər Heydər Əliyevin imzası ilə Azərbaycan tarixində inkişafın və tərəqqinin bünövrəsinin qoyulduğu dövr kimi tarixin yaddaşına qızıl hərflərlə yazılıb. Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır ona görə ki, bu gün Azərbaycana ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı Prezident cənab İlham Əliyev başçılığı ilə həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Bundan əlavə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Rəşadətli Ordusu tarixi Zəfərlər qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz tam olaraq təmin olundu. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Prezident cənab İlham Əliyevin siyasətinin şah əsəridir, zirvəsidir. Qeyd olunub ki, Yeni mərhələdə Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu yeni missiya ilə çıxış edir. Xüsusilə də, şanlı Zəfərimizin ictimai-siyasi, mənəvi-ideoloji və diplomatik müstəvidə möhkəmləndirilməsi ilə əlaqədar zəruri işlər görülür. İşğaldan azad edilmiş ərazilərdə tarixi, dini abidələrimizin bərpası və inşası istiqamətində həyata keçirilən fəaliyyət isə Azərbaycan xalqının qurub yaratmaq, abad etmək əzmini, bütövlükdə sivil siyasətini və mütərəqqi simasını bütün dünyaya nümayiş etdirir. Eyni zamanda, Heydər Əliyev Fondu genişmiqyaslı quruculuq fəaliyyəti ilə xalqımızın ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə sonsuz hörmətini ifadə edir. Bu isə Ümummilli Liderimizin tolerantlıq və multikultural dəyərlərə əsaslanan siyasətinin mühüm bir istiqaməti olmaqla yanaşı, Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə töhfədir.
Çıxışdan sonra Azərbaycan Respublikasının Xalq artistləri Məleykə Əsədovanın və İlqar Muradovun ifasında bədii hissənin təqdim olunması ilə yekun vurulub.
Sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Sonda xatirə şəkli çəkdirilib.