PDF Oxu

Siyasət

  • 1 143

“İranla artan siyasi dialoq regional sabitlik üçün yeni imkanlar yaradır” - ŞƏRH EDİLDİ

image

"Azərbaycan və İran arasında son günlər müşahidə edilən siyasi fəallıq, o cümlədən İranın xarici işlər nazirinin Bakıya səfəri və Prezident İlham Əliyevlə keçirilən görüş iki ölkə münasibətlərində yeni mərhələyə keçidin göstəricisi kimi qiymətləndirilə bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.Onun sözlərinə görə, bu yaxınlaşma təkcə diplomatik jest deyil, regional təhlükəsizlik arxitekturasında dəyişən reallıqların diktə etdiyi zərurətlərdən irəli gələn rasional addımdır: "Hər iki ölkə anlayır ki, Cənubi Qafqazda sabitlik, nəqliyyat-kommunikasiya xəttlərinin açılması və iqtisadi əməkdaşlığın genişlənməsi birgə siyasi iradə tələb edir. İranın son illər Azərbaycanla münasibətlərində gərginlikdən dialoqa doğru keçidi həm regional ziddiyyətlərin azalması, həm də qarşılıqlı iqtisadi imkanların daha praktik şəkildə dəyərləndirilməsi ilə bağlıdır. Zəngəzur dəhlizi və alternativ nəqliyyat marşrutları fonunda Tehran Bakı ilə daha çevik və koordinasiyalı siyasət yürütməyin öz maraqlarına uyğun olduğunu anlayır. Azərbaycan tərəfi də İranı regionda mühüm siyasi, iqtisadi və enerji tərəfdaşı kimi qəbul edir və ikitərəfli dialoqun intensivləşməsi ölkənin çoxşaxəli xarici siyasət konsepsiyasına tam uyğundur.Görüşlərdə enerji əməkdaşlığı, tranzit daşımaları, təhlükəsizlik məsələləri və sərhəd boyunca sabitliyin təmin olunması kimi mövzuların xüsusi yer tutması göstərir ki, iki ölkə münasibətləri artıq yalnız diplomatik səviyyədə yox, praktik nəticələr üzərində qurulur. İranın Cənubi Qafqazda konstruktiv xəttə keçməsi həm regional güc balansının daha dayanıqlı formalaşmasına, həm də üçüncü tərəflərin regiondaxili proseslərə təsir imkanlarının məhdudlaşmasına gətirib çıxara bilər. Bu baxımdan, Bakı–Tehran arasında dialoqun güclənməsi ümumi regional sabitlik üçün də müsbət amildir. Gələcək perspektivlər baxımından həm iqtisadi, həm nəqliyyat, həm də siyasi müstəvidə yeni imkanların yaranacağını demək mümkündür. Xüsusilə də Şimal–Cənub nəqliyyat dəhlizi üzrə əməkdaşlıq, alternativ enerji layihələri və sərhəd təhlükəsizliyinin koordinasiyalı şəkildə təmin olunması hər iki ölkənin regional güc mövqeyini daha da gücləndirə bilər".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər