Azərbaycan xalqının tələbi ilə Heydər Əliyevin yenidən siyasi arenaya qayıdışı təkcə bir liderin geri dönməsi deyildi, eyni zamanda millətin taleyinə sahib çıxması, Azərbaycanın gələcəyinə ümid işığı düşməsi demək idi. O illər Azərbaycan üçün ən ağır, ən mürəkkəb dövr kimi yaddaşdan silinməyib. Millət sabaha inamsız, ölkə idarəolunmaz xaosun içində itib-batmış, parçalanma təhlükəsi ilə baş-başa qalmışdı. Daxildə anarxiya hökm sürür, mövcud hakimiyyətə qarşı itaətsizlik dövlətçiliyin sütunlarını laxladırdı. Zəiflikdən sui istifadə edən düşmən isə torpaqlarımızı işğal edir, günahsız insanlarımızı qırğına məruz qoyurdu. Azərbaycanı məqsədli şəkildə uçuruma doğru aparılırdı və bu girdabdan çıxmaq qeyri mümkün görünürdü. Məhz belə bir vaxtda Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və qətiyyətli addımları həm daxili, həm də xarici qüvvələrin planlarını alt-üst etdi. Onun çevik qərarları yalnız dövlətçiliyimizi yaşatmadı, həm də xalqın taleyini müsbətə doğru dəyişdi. Birmənalı şəkildə Azərbaycanın həmin dövrdə Ümummilli Liderə ehtiyacı vardı və Heydər Əliyev çağırışa sevgi ilə cavab verdi. Əgər dahi şəxsiyyət Heydər Əliyev həmin taleyüklü illərdə milli iradənin başına keçməsəydi, bu gün müstəqillikdən danışmaq belə çətin olardı.
Qeyd etmək lazımdır ki, Azərbaycan tarixinin ən qaranlıq dönəmində xalqımızın həqiqi lideri öz iradəsi ilə bütöv bir xalqın yolunu işıqlandırdı. Ulu Öndər Heydər Əliyevin xalqı ilə birlikdə göstərdiyi qətiyyət sayəsində Azərbaycan uçurumun kənarından geri döndü, yenidən ayağa qalxmaq gücü tapdı və gələcəyinə inam qazandı. Onun uzaqgörən və müdrik siyasəti yalnız dövlətçiliyimizi möhkəmləndirməklə kifayətlənmədi, həm də milli birliyin bərpasına, vətəndaşlar arasında etimadın və inamın artmasına səbəb oldu. Ulu öndərin təşəbbüsləri sayəsində Azərbaycan iqtisadi, siyasi və sosial sahələrdə sürətli inkişaf yoluna çıxdı, beynəlxalq nüfuzu yüksəldi və ölkəmizin strateji mövqeyi möhkəmləndi. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev xalqın rifahını əsas prioritet hesab edərək gələcək nəsillər üçün sabitlik, tərəqqi və təhlükəsizliyin təməlini qoydu. Onun rəhbərliyi və uzaqgörən siyasəti Azərbaycanın qüdrətini artırdı və milli iradənin güclü təməlini yaratdı. Nəticədə Azərbaycan müstəqil və nüfuzlu dövlət kimi dünya arenasında layiqli yer tutdu və bu gün də Ulu Öndərin qurduğu strategiyanın bəhrəsini yaşayır. Bu gün taleyinin ən qüdrətli çağını yaşayan Azərbaycan istisnasız olaraq Heydər Əliyevin nəfəs verdiyi, qurduğu dövlətdir. Biz bu strategiya ilə bütövləşdik, dirçəldik, qalib gəldik. Bütün uğurlarımızın kökündə Ümummilli Liderin müqəddəs ideyaları, böyük dövlətçilik irsi dayanır. Dahi şəxsiyyət fiziki olaraq aramızda olmasa da, Azərbaycan dövlətinin siyasi xəttində, qərarlarında və inkişaf istiqamətlərində onun müəyyənləşdirdiyi kursun nəfəsi duyulur. Müstəqilliyimizin möhkəmləndirilməsi, idarəçilik modelinin formalaşdırılması və ölkənin uzunmüddətli təhlükəsizlik strategiyası Ulu Öndərin yaratdığı dövlətçilik konsepsiyasının nəticəsidir. Azərbaycan bu gün dünya siyasətində özünə layiq mövqedə dayanırsa, bu, Heydər Əliyevin vaxtında atdığı prinsipial addımların davamıdır. Əldə etdiyimiz bütün siyasi və iqtisadi uğurlar, regional güc kimi mövqeyimizin möhkəmlənməsi, milli həmrəyliyin təmin olunması məhz dahi liderin müəyyən etdiyi yolun məntiqi davamıdır. Xilaskar lider Azərbaycan tarixində müasir dövlətçiliyimizin qurucusu kimi həmişə yaddaşlarda yaşayır və yaşayacaq.
Ən əsası, dekabrın 12-si Ulu öndər Heydər Əliyevin anım günüdür. Bu gün Azərbaycan xalqı onun xatirəsini ehtiramla yad etməklə yanaşı, həm də qurduğu siyasi irsə və dövlətçilik ideyalarına sadiqliyini ifadə edir. Çünki bu gün güclü, suveren və öz sözünü deyən Azərbaycanın siyasi əsaslarında məhz Heydər Əliyevin yaratdığı konseptual baxış, strateji düşüncə və dövlətçilik fəlsəfəsi dayanır. Azərbaycan var olduqca Ümummilli Lider Heydər Əliyevin adı da dövlətçilik tariximizin ayrılmaz hissəsi kimi yaşayacaq və milli ideologiyamızın əsas dayağı olacaq. Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edir, onun adı ilə bağlı bu şərəfli yolun daim yaşayacağını böyük sevgi və hörmətlə xatırlayırıq!
Mətləb Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri