“Müasir dövlətçilik tariximizin taleyüklü məqamları və ən böyük uğurları dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik dövlət xadimi Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində milli maraqların qorunmasına, mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görüb və Azərbaycanın müstəqilliyinin daimiliyini, inkişafını və tərəqqisini təmin edib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən hər zaman böyük ehtiramla yad edilir:“Çünki Ümummilli Liderimiz Azərbaycan naminə bütün ömrünü fəda etmiş böyük şəxsiyyətdir. Məhz dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərinə görə hər bir azərbaycanlı öz qəlbində Heydər Əliyev abidəsi ucaldıb.
Bütövlükdə, Ulu Öndər Heydər Əliyevin siyasi irsi, əslində dövlətçilik tarixidir. Çünki o, bir-birindən kəskin fərqlənən iki ayrı dövrdə - həm SSRİ dönəmində, həm də müstəqillik illərində respublikamıza uğurla rəhbərlik edib, milli tərəqqini – iqtisadi inkişafı, mədəni intibahı və siyasi yüksəlişi təmin etməyə müvəffəq olub. Ümummilli Liderin iki fərqli dövrdə gördüyü işlər Azərbaycanın siyasi simasını, milli obrazını formalaşdırıb.
İlk növbədə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev müstəqillikdən öncə respublikamızın perspektivi üçün güclü iqtisadi dayaqlar, siyasi sütunlar yaratmağa müvəffəq olub. 1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi hakimiyyətə gələn Heydər Əliyev islahat xarakterli tədbirlər vasitəsilə respublikamizin tənəzzüldən xilas edərək inkişaf yoluna çıxmasını təmin edib. Azərbaycan aqrar ölkədən sənaye ölkəsinə çevrilib, güclü kadr bazası formalaşdırılıb. Ulu Öndərin 1969-1982-ci illərdə respublikamıza rəhbərliyi Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən biridir. Bununla yanaşı, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti də mühüm ictimai-siyasi və ideoloji əhəmiyyətə malikdir. Faktlara diqqət edək: Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız qaldırılıb; Naxçıvan MSSR adından “Sovet Sosialist” ifadəsi çıxarılıb; 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş qanlı hadisələrə siyasi qiymət verilib; Naxçıvan əhalisinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi haqqında qərar qəbul edilib; 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərar verilib.
Bütün bunlar Azərbaycan dövlətçiliyinin siyasi və ideoloji əsaslarının gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olmaqla yanaşı, müstəqilliyə gedən yolda müstəsna önəm daşıyıb. Bu gün haqlı olaraq qeyd edirik ki, Azərbaycan xalqı öz müstəqil, nüfuzlu və qüdrətli dövləti ilə qürur duyur. Və iftixarla vurğulamaq lazımdır ki, müasir müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Müstəqillik illərinin hadisələri və prosesləri bu təkzibedilməz reallığı tam təsdiqləyir.
Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər isə Azərbaycanın ən yeni tarixinə müstəqil dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və siyasi yüksəliş dövrü kimi həkk olunub, bugünkü tarixi uğurlarımızın, o cümlədən möhtəşəm Zəfərimizin fundamental əsasları yaradılıb. Hər bir Azərbaycan vətəndaşı da yaxşı bilir ki, həm sovetlər dönəmində, həm də müstəqillik illərində Ulu Öndər Heydər Əliyev Azərbaycanın yüksəlişi naminə fədakarlıqla çalışıb. Onun rəhbərliyi dövründə respublikamız bütün sahələr üzrə inkişaf edib. Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatın elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın. Məhz Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, milli-mənəvi yüksəliş, azərbaycançılıq ideyalarının bərqərar olması, gələcək inkişaf üçün güclü və möhkəm əsasların yaradılması Ulu Öndərin zəngin təcrübəyə, parlaq zəkaya, ali liderlik qabiliyyətinə, yüksək siyasi idarəçiliyə əsaslanan siyasətinin həyata keçirilməsi nəticəsində mümkün oldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrildi.
Ümumiyyətlə, müasir Azərbaycanın bugünkü reallığı Ulu Öndər Heydər Əliyevin milli və bəşəri məzmunlu ideyalarının əbədiyaşarlığını aydın ifadə edir. Böyük öndərimiz iyirmi ildən çoxdur cismən aramızda olmasa da, ideyaları əbədi yaşayır. İllər keçdikcə bu dahi şəxsiyyətin Azərbaycan naminə gördüyü işlərin miqyası daha aydın şəkildə dərk olunur. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdır. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcək. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətləri Azərbaycan vətəndaşları, dünyada yaşayan bütün azərbaycanlılar heç vaxt unutmayacaq. Heydər Əliyev Azərbaycanın böyük inkişaf epoxasını yaradıb, respublikamızın hərtərəfli intibahını təmin edib. Müstəqil Azərbaycan bu möhkəm əsaslar üzərində daim zirvələrə doğru irəliləyib. Ulu Öndərimizin həyatını bütünlüklə xalqa, dövlətə, Vətənə həsr olunan ömür kimi səciyyələndirə bilərik.
Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün təmin olunması idi. Şuşanı Azərbaycanın rəmzi kimi səciyyələndirən Ulu Öndər inamla bildirirdi ki, biz doğma yurd yerlərimizə mütləq qayıdacağıq. Onun bu inamı insanların qəlbində sözün əsl mənasında ümid çırağı yandırırdı. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində Ulu Öndərimizin başladığı müqəddəs vəzifəini Onun layiqli davamçısı, Prezident İlham Əliyev məntiqi sonluğa çatdırdı. Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirərək varislik prinsipi əsasında uzaqgörən və məqsədyönlü siyasət həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev xalqımıza şanlı dövlətçilik tarixinin ən möhtəşəm uğurlarını qazandırıb. Bu nailiyyətlərin zirvə nöqtəsi isə 30 il ərzində Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi və ölkəmizin suverenliyinin bərpasıdır. Heydər Əliyevin arzularını, vəsiyyətlərini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev şərəflə yerinə yetirdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ordumuz misilsiz şücaətlər göstərərək ölkəmizin ərazi bütövlüyünü təmin etməyə nail oldu. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Heydər Əliyevin “Biz Şuşaya mütləq qayıdacağıq” arzusu reallığa çevrildi. Beləliklə, Ulu Öndərin müəyyənləşdirdiyi bütün strateji hədəflər reallığa çevrilir, ölkəmizin qarşısında yeni perspektivlər açılır. Azərbaycanın beynəlxalq mövqeyi, o cümlədən tarixi Zəfərimizin əsasları möhkəmləndirilir, Qarabağda və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işlərinə paralel olaraq Böyük Qayıdış prosesi uğurla həyata keçirilir və bütöv Azərbaycanın milli gücü gündən-günə artır. Qazanılan möhtəşəm nailiyyətlərin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin işıqlı ideyaları əbədi olaraq yaşayacaq”.
Müəllif: Arzu Qurbanlı