PDF Oxu

Siyasət

  • 1 098

“Balanslaşdırılmış siyasət və uzunmüddətli inkişaf strategiyası” - ŞƏRH EDİLDİ

image

"Ulu öndər Heydər Əliyevin anım günü ərəfəsində onun siyasi irsinin bu gün də Azərbaycan dövlət idarəçiliyinin strateji xəttini necə müəyyənləşdirdiyini dəyərləndirmək həm tarixi, həm də siyasi zərurətdir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.Onun sözlərinə görə, Heydər Əliyevin idarəçilik fəlsəfəsi yalnız müəyyən bir dövrün reallıqlarına deyil, həm də gələcək nəsillərin dövlətçilik modelinə hesablanmış uzunmüddətli konseptual yanaşmalara söykənirdi: "Bu səbəbdən də onun siyasi irsi bu gün həm regional təhlükəsizlikdə, həm xarici siyasətdə, həm də milli inkişaf modelində öz aktuallığını qorumaqdadır. Regional təhlükəsizlik müstəvisində Heydər Əliyevin ən mühüm yanaşmalarından biri balanslaşdırılmış siyasət və preventiv diplomatiya idi. O, regionda risklərin proqnozlaşdırılması, təhlükəsizlik arxitekturasının formalaşdırılması və Azərbaycanın milli maraqlarının qorunması istiqamətində institusional əsaslar qurdu. Bu gün Azərbaycan regionda sabitlik yaradan və təhlükəsizliyi təmin edən əsas aktorlardan biridir. Məhz Heydər Əliyevin qoyduğu strateji xətt nəticəsində ölkə öz hərbi-siyasi mövqelərini möhkəmləndirib və geosiyasi proseslərdə söz sahibi halına gəlib. Xarici siyasət kursuna gəldikdə isə, burada Heydər Əliyevin çoxvektorlu diplomatiyası əsas istiqaməti formalaşdırır. O, böyük güclərlə münasibətlərdə tarazlığı qorumağı, regional təşkilatlarla əməkdaşlığı genişləndirməyi və Azərbaycanın enerji resurslarını xarici siyasətin mühüm alətinə çevirməyi bacardı. Bu gün də Azərbaycan məhz həmin kursun davamı olaraq həm qlobal, həm də regional səviyyədə nüfuzlu tərəfdaş kimi qəbul edilir. Enerji layihələri, nəqliyyat dəhlizləri və strateji əməkdaşlıq formatları ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirir. Milli inkişaf modeli isə Heydər Əliyevin siyasi irsinin ən dayanıqlı hissələrindən biridir. Onun müəyyənləşdirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası Azərbaycanın bu gün modern, rəqabətqabiliyyətli, innovasiya yönümlü iqtisadiyyata keçidini təmin edir. Sosial siyasət, idarəetmə institusionalizmi, insan kapitalına sərmayə və dövlətçilik ənənələrinin gücləndirilməsi müasir mərhələdə də öz əhəmiyyətini itirməyib. Heydər Əliyevin siyasi irsi Azərbaycanın bu günkü dövlət idarəçiliyinin yalnız tarixi təməli deyil, həm də real siyasi, təhlükəsizlik və inkişaf xəttinin əsas istiqamətlərini müəyyənləşdirən fundamental konsepsiyadır. Onun müəyyən etdiyi strateji çərçivə bu gün də həm daxili idarəçilikdə, həm də beynəlxalq siyasətdə ölkəmizin dayanıqlı inkişafına xidmət edir".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər