PDF Oxu

Siyasət

  • 1 464

Heydər Əliyevin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq - ŞƏRH

image

Leyla Nəcəfova,
Qaradağ rayon Heydər Əliyev Mərkəzinin Baş Fond müdiri

12 dekabr xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 22 il ötsə də, O, bu gün də, gələcəkdə də Azərbaycan xalqının qəlbində yaşayacaq. Çünki öz müqəddəs əməli sayəsində Vətəni, xalqı uğrunda yorulmadan çalışmış dahi şəxsiyyət Heydər Əliyev ömrünü dövlətçiliyin inkişafı, Azərbaycanın tərəqqisi üçün şam kimi əritdi. Onun bir amalı var idi - qurduğu mütərəqqi dövləti beynəlxalq aləmdə tanıtmaq, lider ölkələrdən birinə çevirmək. Və bu amal gerçəkliyə çevrilib. Çünki Ümummilli Lider Heydər Əliyev yolu bu gün Onun ən layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yaşadılır. Çünki Heydər Əliyev ideyası əbədi və dönməzdir.

İllər keçdikcə Ümummilli Lider Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalq və Vətən sevgisini daha çox anlayacağıq. Bu siyasət nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunub. Tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı, Ulu Öndəri Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana otuz ildən çox rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib.

Ulu Öndər bütün vəzifələrin öhdəsindən ləyaqətlə gəldi. Azərbaycanda müstəqilliyin əbədiliyini, dönməzliyini təmin edən dövlət quruluşu yaratdı. Ölkəmizdə baş verən qarşıdurmalarda Heydər Əliyev zəkası Azərbaycanın xilası naminə böyük və önəmli rol oynadı, xalqımızı bəlalardan xilas etdi. Məhz Ulu Öndərin səyi nəticəsində Azərbaycanda hüquqi dövlət quruldu. Bu günkü demokratik prinsiplərə sadiq, vətəndaş cəmiyyəti, inkişaf etmiş və sabit Azərbaycanın təməli məhz 1993-cü ilin yayında qoyulub. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, eyni zamanda Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olan Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçildi. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin böyük əksəriyyətini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

Ulu Öndər Heydər Əliyev ictimai-siyasi sabitliyi qorumaq üçün qanunçuluğun yüksək səviyyədə təsbit olunması istiqamətində mühüm addımlar atdı. Dövlət idarəçiliyi ilə bağlı qanunlar hazırlandı, ən başlıcası isə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edildi. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edildi. Bu Konstitusiyanın müəllifi Ulu Öndər Heydər Əliyevdir. Azərbaycan xalqının siyasi taleyini, siyasi fəaliyyətini, məqsəd və məramını, iqtisadi və dövlət idarə üsulunu müəyyən edən Konstitusiyanın qəbul edilməsi olduqca əhəmiyyətli hadisədir. Bu Konstitusiya ilə Azərbaycanda hakimiyyət bölgüsü - qanunverici, icra və məhkəmə hakimiyyəti arasında bölgü müəyyənləşdirildi. Konstitusiya ilə təsbit edildi ki, Azərbaycan demokratik, hüquqi və unitar dövlətdir. Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi göstərdi ki, Azərbaycanın yolu demokratiyadır. Bütün bunlar Ulu Öndərin dövlət quruculuğu sahəsində gördüyü böyük işlərin əsas istiqamətlərindən biridir.

Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxması, dünyanın əsas neft-qaz ixracatçısına çevrilməsidir. Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi nəhəng siyasi layihələrdən biri neft strategiyasıdır. Neft strategiyası bu gün də Azərbaycan üçün həm siyasi, həm də iqtisadi dividendlər gətirməkdədir. Ulu Öndərin uzaqgörənliyi və qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda müxtəlif ölkələrin neft şirkətləri ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın yeni neft strategiyasının əsasını qoydu. Bu neft strategiyası dünyanın ən qabaqcıl neft şirkətlərini Azərbaycana investisiya yatırmağa cəlb etdi. Bu investisiyalar iqtisadi sabitliyin bərqərar olması üçün böyük rol oynadı. Azərbaycanın beynəlxalq nüfuzu artdı, bölgədə rolu genişləndi.

Heydər Əliyevin həyata keçirdiyi nəhəng layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft kəməri də var ki, bu gün həm Azərbaycan, həm də region üçün böyük rol oynayır. Bütün iqtisadi təhlilçilərin və tədqiqatçıların fikri ondan ibarətdir ki, belə nəhəng layihənin həssas bir bölgədə, geopolitik baxımdan dartışmalar mərkəzi olan Cənubi Qafqazda həyata keçirilməsi yalnız böyük şəxsiyyətin - Heydər Əliyevin uzaqgörənliyi ilə reallaşa bilərdi.

Liderlər qlobal arenada xidmətlərinin miqyasına görə fərqli səviyyələrdə tanınırlar. Elə şəxsiyyətlər var ki, onlar yalnız öz Vətənində, doğma yurdunda tanınır, qəbul və təqdir olunur. Lakin elə siyasi xadimlər, dahilər var ki, onları bütün dünya tanıyır, eyni zamanda onlar zaman və məkan anlayışına sığmırlar. Dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev məhz belə dahi şəxsiyyətlərdəndir. Heydər Əliyev bütün fəaliyyəti dönəmində öz xalqının xoşbəxt gələcəyi, milli maraqları uğrunda mübarizə aparmış, təkrarsız siyasət yürüdərək ölkəmizin müstəqilliyini qoruyaraq dağılmaqda olan bir ölkənin qurtuluşçu lideri kimi fenomen olmağı bacardı. Ulu Öndər Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxararaq müstəqil dövlətimizin gələcək qələbələrinin fundamental əsaslarını yaratmaqla milliliklə dövlətçiliyin vəhdətini təmin edərək onun sarsılmaz təməlini inşa etdi.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərinə dövlətin ictimai-siyasi həyatının bütün sahələrində əsaslı islahatların aparılması daxildir. Ümummilli Lider xalqın gələcəyə inamını bərpa etdi, ölkənin sürətli inkişafı və dünya miqyasında yüksək nüfuzu üçün möhkəm zəmin yaratdı. Böyük dövlət xadimi Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə, Şərqlə Qərb arasında etibarlı körpüyə çevrildi. Ən əsası, Ümummilli Liderin müdrik strategiyası müqəddəs Vətən müharibəsində Böyük Qələbənin, doğma torpaqların azad edilməsinin və Azərbaycanın ərazi bütövlüyünün bərpasının əsasını qoydu.

Bu gün müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Təməli dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan hüquqi dövlət quruculuğunun Azərbaycan modeli bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilməkdədir. Məhz bu strategiya ilə biz qalib ölkənin qürurlu vətəndaşlarıyıq və bütün qələbələrimizə, uğurlarımıza görə biz Heydər Əliyevə borcluyuq!

Digər xəbərlər