İlham Əliyev – bu irsin qalib varisi və yeni dövrün fateh Sərkərdəsi
Azərbaycan tarixinin ən çətin və məsuliyyətli dövrlərində meydana çıxmış böyük şəxsiyyətlər var. Onlar yalnız yaşadıqları dövrün deyil, bütöv bir millətin taleyini dəyişən liderlər kimi tarixə yazılırlar. Məhz belə liderlərdən biri də Ulu Öndər Heydər Əliyevdir ki, müasir Azərbaycanın qurucusu, dövlətçilik fəlsəfəsinin memarı, milli ideologiyanın banisi kimi xalqımızın yaddaşında əbədi yer tutub.

Tarixlə Yaşayan Lider
Hər il Azərbaycan xalqı 12 dekabr tarixində müasir dövlətçilik tariximizin əsasını qoyan, xalqın qəlbində silinməz izlər buraxan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anır. Bu gün təkcə bir liderin vəfat günü deyil, bu gün Azərbaycan tarixində dönüş nöqtəsi yaratmış bir şəxsiyyətin həyat yoluna, xidmətlərinə və qoyub getdiyi irsə dərin ehtiramın ifadəsidir.
Zamanı qabaqlayan siyasi lider
Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi ən görkəmli dövlət xadimlərindən biridir. Onun idarəçilik fəlsəfəsi, uzaqgörənliyi və qətiyyəti həm Sovet dövründə, həm də müstəqil Azərbaycanın quruculuq mərhələsində özünü tam şəkildə göstərmişdir. 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməsi respublikanın sosial-iqtisadi, sənaye və mədəni inkişafında yeni mərhələnin başlanğıcı oldu. İnsan resurslarının inkişafı, təhsil, sənaye və mədəniyyət sahələrində atılan addımlar gələcək uğurların təməlini təşkil etdi.

Müstəqilliyin xilaskarı
1990-cı illərin əvvəllərində Azərbaycan dərin siyasi böhran və təhlükə içində idi. Dövlətçilik ənənələrinin sarsıldığı, müharibənin davam etdiyi, xaosun hökm sürdüyü bir dövrdə xalqın tək ümid yeri Heydər Əliyev idi. 1993-cü ildə hakimiyyətə qayıdışı müstəqilliyin qorunması, ölkənin parçalanma təhlükəsindən xilas edilməsi və sabitliyin bərpasında həlledici rol oynadı. Onun apardığı müdrik siyasət nəticəsində Azərbaycan qısa zaman ərzində sabitliyə, iqtisadi dirçəlişə və beynəlxalq nüfuza sahib bir dövlətə çevrildi. "Əsrin müqaviləsi" kimi taleyüklü qərarlar Azərbaycanın enerji siyasətinin və müasir iqtisadi inkişaf modelinin təməlini qoydu.
Dönüş nöqtəsi yaradan lider
XX əsrin sonlarında Azərbaycan dərin siyasi böhran, separatizm təhlükəsi, idarəetmə iflici və iqtisadi tənəzzül girdabında idi. Dövlətin gələcəyi sual altına düşmüşdü. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin taleyini dəyişdi. Onun uzaqgörən siyasi xətti qısa müddətdə dövlət institutlarını bərpa etdi, idarəetməni mərkəzləşdirdi və ölkəni vətəndaş qarşıdurmasından çıxardı. Ən mühüm istiqamətlərdən biri isə ordu quruculuğu oldu. Müstəqil Azərbaycan ordusunun əsasları Heydər Əliyevin formalaşdırdığı milli hərbi konsept əsasında atıldı.

Dövlətçilik irsi
Heydər Əliyevin irsi bu gün müasir Azərbaycanın bütün strateji istiqamətlərində yaşayır. Onun müəyyən etdiyi siyasi kurs, müəyyənləşdirdiyi milli inkişaf modeli və dövlətçilik fəlsəfəsi ölkənin uzunmüddətli inkişafını təmin edən yol xəritəsinə çevrilmişdir. Təhsil, ordu quruculuğu, diplomatiya, iqtisadiyyat və mədəniyyət sahələrində atdığı addımlar bu gün də aktualdır və gələcəyə hesablanmışdır. Azərbaycanı beynəlxalq arenada tanıdan, regionun ən güclü dövlətlərindən birinə çevirən əsas amillərdən biri də məhz Heydər Əliyevin sağlam, davamlı və düşünülmüş siyasətidir.

Əsrin müqaviləsi" – müasir inkişaf strategiyasının təməli
1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" yalnız enerji layihəsi deyildi – bu müqavilə Azərbaycanın regiondakı mövqeyini dəyişdi, ölkəni iqtisadi asılılıqdan azad etdi və dünya enerji xəritəsində strateji oyunçuya çevirdi. Bu sənəd həmçinin Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişaf modelinin əsas sütununa çevrildi. Bu gün ölkəmizin enerji təhlükəsizliyində, beynəlxalq tərəfdaşlıqlarında və iqtisadi müstəqilliyində məhz həmin müqavilənin tarixi rolu açıq şəkildə görünür.

Varislik missiyası: İlham Əliyev – Qalib Lider
Heydər Əliyevin müəyyən etdiyi böyük dövlətçilik xətti yalnız davamçı lider tərəfindən daha yüksəklərə daşına bilərdi. Bu varislik siyasətinin daşıyıcısı Prezident İlham Əliyev oldu. İlham Əliyevin prezidentlik dövrü Azərbaycanın yeni inkişaf mərhələsi adlandırılır. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadi gücünü artırdı, beynəlxalq nüfuzunu möhkəmləndirdi və regionda əsas söz sahibi olan ölkəyə çevrildi.

44 günlük Zəfər: tarixi ədalətin bərpası
Azərbaycanın hərbi-siyasi gücünün ən parlaq təzahürü 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbədir. Ulu Öndərin qurduğu dövlət, formalaşdırdığı ordu və ideoloji baza bu qələbənin təməlində dayanırdı. Lakin torpaqlarımızın azad edilməsini reallığa çevirən əsas amil Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və strateji liderliyidir. Bu səbəbdən xalqımız onu "fateh Sərkərdə" kimi tarixə həkk edib. Müharibədə qazanılan Qələbə təkcə hərbi üstünlük deyildi – bu, dövlətçilik modelimizin gücünün, milli birliyin və Azərbaycan ideyasının sarsılmazlığının təsdiqi idi.
Qalib Azərbaycan: inkişafın yeni mərhələsi
Bu gün Azərbaycan həm iqtisadi sahədə, həm diplomatik müstəvidə, həm də təhlükəsizlik platformalarında regionun aparıcı dövlətidir.
İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində:
Azərbaycanın beynəlxalq tərəfdaşlıq şəbəkəsi genişlənib,
enerji və nəqliyyat layihələri ölkəni qlobal tranzit mərkəzinə çevirib,
Qarabağ və Şərqi Zəngəzur genişmiqyaslı bərpa proqramları ilə əvvəllər görünməmiş inkişaf mərhələsinə daxil olub.
Bu proseslər Ulu Öndərin yaratdığı dövlət modelinin İlham Əliyev tərəfindən daha yüksək pilləyə qaldırıldığını açıq şəkildə göstərir.

Milli yaddaşda əbədi yaşayan lider
Bu gün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin anım gününü dərin ehtiramla qeyd edir. Onun düşüncəsi, siyasi irsi və dövlətçilik fəlsəfəsi zaman keçdikcə daha da aktuallaşır. Heydər Əliyevin müəyyən etdiyi yolun uğurla davam etdirilməsi, Azərbaycanın qalib dövlətə çevrilməsi isə bu irsin əbədi olduğunu təsdiqləyir. Heydər Əliyevin yaddaşı təkcə rəsmi mərasimlərdə deyil, xalqın gündəlik həyatında, dövlətçilik düşüncəsində, gənc nəsillərin dünyagörüşündə özünü göstərir. O, yalnız bir dövrün lideri deyil, Azərbaycan xalqının milli yaddaşına həkk olunmuş tarixi şəxsiyyətdir. Onun "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" sözləri bu gün hər bir vətəndaş üçün qürur və vətəndaşlıq məsuliyyətinin rəmzidir.

12 dekabr – Heydər Əliyevin Anım Günü, Azərbaycan xalqının tarixə, dövlətçiliyə və milli dəyərlərə bağlılığının təcəssümüdür. Bu gün, Ulu Öndərin həyat yolu və fəaliyyəti gələcək nəsillərə ilham mənbəyi olaraq qalır. Onun qurduğu müstəqil, güclü və inkişaf edən Azərbaycan ideyası bu gün də yaşayır və daha böyük nailiyyətlərə aparan yolun əsas istiqamətini müəyyənləşdirir.
Əminliklə demək olar ki, nə qədər Azərbaycan var, Ulu Öndər Heydər Əliyev xalqın qəlbində daim yaşayacaq, Onun yaratdığı dövlət, müəyyən etdiyi ideologiya və yetişdirdiyi varis bu əbədiliyin təminatıdır.
Bəhruz Quliyev,
Səs qəzetinin baş redaktoru